Rusiyanın Ukraynaya müdaxiləsinin 25-ci günündə Qərb mediası bölgədəki uğursuzluqlardan Moskvanın narahatlığının günbəgün artırdığını bəyan edib.
Teleqrqaf.com xəbər verir ki, ABŞ-ın “Wall Street Journal” nəşrində dərc olunan məqalədə Rusiya lideri Vladimir Putinin Ukrayna müharibəsinin utancverici bataqlığa çevrildiyini əsas gətirərək, ölkənin aparıcı kəşfiyyat rəhbərlərindən birini ev dustağı etdiyi iddia olunub.
Nəşr ABŞ rəsmilərinə istinadən Ukraynada müharibənin uzanması və arzuolunan uğurun əldə olunmaması ilə bağlı Rusiyada kəşfiyyat və hərbi qurumların rəhbərləri arasında “günahlandırma yarışı”nın başladığını yazıb.
Qəzet həmçinin Putinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Ukrayna ilə bağlı bölməsinin komandirini ev həbsinə göndərdiyini bildirib.
Ev həbsində olan FSB zabitinin sözügedən kəşfiyyat orqanının Operativ İnformasiya Xidməti və Beynəlxalq Kommunikasiyalar kimi tanınan Beşinci Xidmətinin rəhbəri general-polkovnik Sergey Beseda olduğu deyilib.
Məlumata görə, baş verənlərdən sonra Ukraynaya hücum hazırlığından cavabdeh olan iki əsas hökumət strukturu - FSB və Müdafiə Nazirliyi arasında mübahisə yaranıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bundan əvvəl Putinin iki günə paytaxt Kiyevi ələ keçirməyi planlaşdırdığını, amma Rusiya liderinin ukraynalılardan belə müqavimət gözləmədiyini deyib. Beləliklə, Rusiya ordusu Ukraynanın şiddətli əks-hücumları ilə üzləşib və itkilərin artması fonunda quruda irəliləyişini dayandırıb. Ukrayna hökuməti indiyədək 5 rus generalının öldürüldüyünü açıqlayıb. ABŞ döyüşlərdə 7000, Ukrayna isə 14 mindən çox rus hərbçisinin həlak olduğunu açıqlayıb.