20 Mart 2022 17:11
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Şavkat Mirziyoyev və Prezident Vladimir Putin Özbəkistan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik məktubları mübadiləsi həyata keçiriblər.

Teleqraf.com xəbər verir ki, Şavkat Mirziyoyevin məktubunda deyilir:

“Son illər birgə səylərlə biz Özbəkistan-Rusiya qarşılıqlı fəaliyyətini görünməmiş yüksək səviyyəyə çatdırmışıq. Bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib və xalqlarımız arasında dostluq tellərini daha da möhkəmləndirib”.

Onun sözlərinə görə, bu gün Özbəkistan və Rusiya arasında əməkdaşlıq açıqlıq, qarşılıqlı etimad və dəstək, bir-birinin maraqlarına hörmət prinsipləri əsasında fəal şəkildə inkişaf edir. Praktiki əməkdaşlığın bütün əsas istiqamətləri üzrə sıx və davamlı dialoqa imkan verən və öz effektivliyini sübut edən unikal mexanizmlər yaradılıb.

“Biz Özbəkistan və Rusiya arasında dostluq və çoxşaxəli tərəfdaşlıq münasibətlərini ölkələrimizin və xalqlarımızın mənafeyinə uyğun olaraq bundan sonra da ardıcıl olaraq inkişaf etdirmək və möhkəmləndirmək niyyətindəyik”, - deyə Özbəkistan Prezidenti fikirlərini yekunlaşdırıb.

Vladimir Putin isə qeyd edib ki, son onilliklər ərzində Rusiya və Özbəkistan bütün sahələrdə səmərəli əməkdaşlıqda kifayət qədər təcrübə toplayıb, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli strukturlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət qurulub, regional təhlükəsizliyə təhdid və çağırışlara qarşı mübarizə sahəsində səylərin əlaqələndirilməsi həyata keçirilib.

"Əminəm ki, biz bundan sonra da Rusiya-Özbəkistan strateji tərəfdaşlığını və müttəfiqliyini hərtərəfli gücləndirəcəyik. Bu, şübhəsiz ki, dost xalqlarımızın maraqlarına cavab verir, Mərkəzi Asiyada sülhün və sabitliyin təmin olunmasına uyğundur ”, - deyə V.Putin vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər