Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova ABŞ-ın sanksiya siyahısında düşməsinə təəccüblənib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə ABŞ-ın “Business Insider” nəşrinə müsahibəsində bildirib.
Peskova sanksiyalara məruz qalmasını “tamamilə ədalətsiz və əsassız” adlandırıb.
“Çox təəccübləndim, çünki yaranmış durumla heç bir əlaqəsi olmayan 24 yaşlı bir şəxsə qarşı sanksiyaların tətbiqi qəribədir”, - Peskova Amerikanın qərarından şikayətlənib.
Peskovun qızı etiraf edib ki, baş verənlərdən əsəbiləşib, çünki səyahət etmək istəyir: “Mən müxtəlif mədəniyyətləri sevirəm”.
Yelizaveta siyasətlə bağlı sualları cavablandırmaqdan imtina edib, özünü “dünya vətəndaşı” adlandırıb və bununla bağlı heç nə edə bilməyəcəyini vurğulayıb.
ABŞ hökuməti onu və Peskov ailəsinin digər üzvlərini martın 11-də sanksiya siyahısına daxil edib. Beləliklə, Yelizavetanın ABŞ ərazisinə daxil olması qadağan edilib. Bundan başqa, Yelizaveta Peskova martın 15-də İngiltərənin genişləndirilmiş sanksiyalar siyahısına daxil olunub.