“Rusiya və Ukrayna arasında danışıqlarda yalnız neytral dövlət vasitəçi ola bilər. Uzun illər bu statusu qoruyub saxlayan İsveçrə onu itirib”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Suzdaltsev deyib.
Ekspert İsveçrənin Rusiya əleyhinə sanksiyaları dəstəklədikdən sonra bu statusunu itirdiyini bildirib:
“Buna görə də Moskva və Kiyev arasında danışıqların İsveçrədə aparılması mümkün deyil.
Əgər yüksək səviyyəli, hətta prezidentlər səviyyəsində yox, deyək ki, xarici işlər nazirləri səviyyəsində görüşdən danışırıqsa, o zaman Türkiyənin artıq sübut olunmuş təcrübəsi var. Prezident Ərdoğanın hər ikisi ilə əlaqələri yaxşıdır. Nümayəndə heyətlərinin görüşdüyü Belarusu Ukrayna müharibənin iştirakçısı hesab edir. İndi İsveçrə də buna uyğun gəlmir. Çünki bu ölkə Rusiyaya qarşı sanksiya müharibəsində tam iştirakçıdır, onu gələcək üçün neytral dövlət hesab etmək lazım deyil”.
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya görüş üçün İsraili təklif edib. Təl-Əviv belə bir görüşə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.
Suzdaltsevin fikrincə, bu, ən yaxşı fikir deyil:
“İsrail hələ də Prezident Zelenski ilə dialoqda çox fəaldır, Moskva ilə də təmasdadır. Amma İsrailin özü də münaqişənin içindədir, təxminən 70 ildir. Geosiyasi baxımdan az-çox azad ölkənin olması arzuolunandır. Vasitəçi olmaq başqa, sadəcə platforma təqdim etmək başqa bir şeydir. Vasitəçilər adətən formatlar təklif edir və danışıqlar prosesində fəal iştirak edirlər. Türkiyə bəzi formatlar təklif edə bilər və buna çalışır. Təkcə otaq, stol, stul verməklə məsələ düzəlmir”.
Bundan əvvəl İsveçrə Prezidenti İqnasiyo Kassi rəsmi Moskva və Kiyevə vasitəçilik təklif edib.