21 Mart 2022 09:47
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları pilotlu təyyarələrdən daha az istifadə etməyə başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Son 24 saat ərzində Müdafiə Qüvvələrinin vəziyyəti və hərəkətlərinin xarakteri əhəmiyyətli dərəcədə dəyişməyib. Ukrayna Silahlı Qüvvələri və Müdafiə Qüvvələrinin digər bölmələri ələ keçirilən əraziləri saxlamağa çalışan düşmən qoşunlarının qruplarına zərbələr endirməkdə davam edir”, - açıqlamada deyilib.

Baş Qərargah qeyd edib ki, rus ordusunun pilotlu təyyarələrinin istifadəsinin intensivliyində azalma var. Raket və bomba zərbələrinin nəticələrinin effektivliyini qiymətləndirmək üçün ruslar operativ və taktiki pilotsuz uçan aparatlardan (PUA) istifadə edir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bölmələri ötən gün ərzində rus qüvvələrinin 7 hava hədəfini (1 təyyarə, 4 PUA və 2 qanadlı raket) vurub. Ukrayna bombardmançıları və hücum təyyarələri rus ordusunun texnikasına və canlı qüvvəsinə sarsıdıcı zərbələr endirib.

Baş Qərargahın məlumatına görə, Rusiya qoşunları müvəqqəti işğal olunmuş ərazilərdə yerli əhaliyə qarşı terror və talanları davam etdirir. Rus hərbçilərinin ələ keçirdikləri məişət texnikası, avtomobil, ərzaq və digər maddi resursları Rusiyaya daşıdıqları bildirilib.

Eyni zamanda, rus qoşunlarının mülki infrastruktura şəxsi heyətini, silah və texnikalarını yerləşdirməsi halları müşahidə olunur.

Baş Qərargah vurğulayıb ki, ruslar Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində məcburi səfərbərlik tədbirlərini davam etdirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər