“Rusiya Kuril adaları məsələsində illər boyu Tokionun bütün təkliflərini rədd edib. Nəhayət, Tokio anladı ki, Rusiya Kuril adaları məsələsində güzəştə getməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Siyasi ekspert Rusiya-Ukrayna müharibəsi ətrafında gedən geosiyasi proseslərə diqqət çəkib:
“Yaponiya Baş naziri Fumio Kisida Hindistana səfər edərək bu ölkədən olan həmkarı Narendra Modi ilə Ukraynadakı müharibəni müzakirə edib. Tokio Rusiyanın Ukraynaya işğalı məsələsində Qərb ölkələri qədər qətiyyətli mövqedən çıxış edir. Tokio Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulub. Ukraynadan 40 nəfər Yaponiyada yerləşib. Rəqəm kiçik olsa da, Yaponiyanın yaxın tarixində ilk dəfə olaraq Tokio başqa ölkədən qaçınların qəbuluna razılaşıb. Bundan başqa, Yaponiya Ukraynaya hərbi geyimlər göndərib. Ukrayna Prezidenti Vladimir Zelenskinin Yaponiya parlamentində videoformat çərçivəsində çıxışı gözlənilir.
Başqa sözlə, Tokio illərlə həyata keçirdiyi neytral siyasətdən Ukraynanın xeyrinə imtina edib. Keçirilən sorğular göstərir ki, Yaponiya əhalisinin 82 faizi Rusiyaya qarşı sanksiyaların tərəfdarıdır.
Rusiya Kuril adaları məsələsində illər boyu Tokionun bütün təkliflərini rədd edib. Nəticədə Tokio anladı ki, Rusiya Kuril adaları məsələsində heç bir güzəştə getməyəcək. Tokiodan fərqli olaraq Dehli Rusiyanı ittiham etməyə tələsmir. Dehli Hindistan-ABŞ-Yaponiya-Avstraliya ittifaqında yeganə paytaxtdır ki, Rusiyaya qarşı sanksiya tətbiq etməyib. Bunun səbəbi odur ki, Dehli Çinin Rusiya ilə yaxınlaşmasından ehtiyat edir. Çünki Dehli Rusiyaya qarşı sanksiyalara qoşulsa, Moskva Pekinlə ittifaqı daha da gücləndirəcək ki, bu Hindistana əlavə təhlükəsizlik problemləri yaradacaq”.
Elxan Şahinoğlu bildirib ki, bütün bunlara baxmayaraq, Vaşinqton və Tokio Dehlini yanlarında görmək istəyir:
“Yaponiya baş naziri Dehliyə səfəri zamanı ölkəsinin Hindistana 42 milyard dollar yatırım qoymağa hazır olduğunu bildirib. Bu səbəbdən Tokio ilə tərəfdaşlığı davam etdirmək Dehli üçün vacibdir. Əslində Tokio Ukrayna mövzusunda prinsipial mövqeyinə baxmayaraq, Rusiyanın neft-qazından imtina etməyib. Yaponiya bu məhsulları kənardan almaq məcburiyyətindədir. Yəni Tokio Dehlini yanında görmək istəsə də, Hindistan-Rusiya iqtisadi əlaqələrinin əleyhinə deyil, çünki özü də enerjinin bir hissəsini Rusiyadan alır”.