Nobel Sülh Mükafatına namizədlərin irəli sürülməsi üçün nəzərdə tutulan müddət uzadıla bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Norveç Nobel İnstitutunun direktoru Olav Nyolstad Volodimir Zelenskinin namizədliyini irəli sürmək təşəbbüsünü şərh edərkən deyib.
“Norveç Nobel Komitəsi bu günə qədər sizin sorğunuzda qeyd olunan məktubu almayıb. Komitə Nobel Sülh Mükafatına namizədlərin irəli sürülməsi üçün yanvarın 31-nə təyin edilmiş son müddəti uzada bilməz. Bununla belə, komitənin ilk rəsmi iclasına qədər komitə üzvlərinin öz namizədliklərini irəli sürmək hüququ var”, - deyə Olav Nyolstad ”RİA-Novosti”nin müraciətinə cavab olaraq deyib.
Onun sözlərinə görə, belə bir rəsmi iclas artıq fevralın 28-də baş tutub.
Qeyd edək ki, hazırkı və keçmiş siyasətçilər, Avropa Parlamentinin üzvləri Zelenskinin 2022-ci il Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə çıxış ediblər. Onlar Norveç Nobel Komitəsindən Nobel Sülh Mükafatına namizədlik prosesinin 2022-ci il martın 31-dək uzadılmasını xahiş ediblər.
Müəyyən edilmiş prosedura əsasən, müddət yanvarın 31-də başa çatıb.