Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Yaponiya ilə sülh müqaviləsinin müzakirəsindən imtinanı Kuril adalarının taleyi kontekstində “tarixi əsaslandırılmış, vaxtı keçmiş və ədalətli” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Medvedyev Rusiyanın Yaponiya ilə ada mövzusunda heç vaxt konsensus əldə edə bilməyəcəyini bildirib.
“Rusiya Yaponiya ilə sülh müqaviləsini müzakirə etməkdən imtina etdi. Kuril adalarının taleyi kontekstində bu qərar tarixən əsaslandırılmış, vaxtı keçmiş və ədalətlidir. Aydındır ki, yaponlarla ada məsələsində heç vaxt konsensus əldə edə bilməzdik. Bunu əvvəllər həm biz, həm də onlar başa düşürdülər. Deməli, Kuril adaları üzrə danışıqlar həmişə ritual xarakter daşıyıb”, – Medvedyev qeyd edib.
O, həmçinin deyib ki, danışıqlar öz mənasını itirib, çünki Yaponiya ABŞ-ın ardınca Rusiyaya qarşı sanksiyalar tətbiq edərək sənədin mətnini kiminlə razılaşdıracağını nümayiş etdirib.
“Yaponlar ABŞ-ın ardınca “qürurlu müstəqil samuray” olduqlarını göstərərək bizə qarşı sanksiyalar tətbiq etdilər və bu, nəhayət sülh müqaviləsinin mətnini kiminlə razılaşdıracaqlarını göstərdi. İndi bu danışıqlar bütün mənasını itirib”, - Medvedyev vurğulayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi açıqlama verərək bildirib ki, Moskva Tokionun qeyri-dost addımlarına cavab olaraq Yaponiya ilə sülh müqaviləsi bağlamaqdan imtina edir, Yaponiya vətəndaşlarının Kuril adalarının cənubuna vizasız gediş-gəlişini dayandırır və dialoqdan geri çəkilir.