Şimali İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzaniyə yaxınlığı ilə tanınan “Darkamazi” adlı internet saytında PKK terror təşkilatı ilə bağlı maraqlı təhlil dərc edilib.
Teleqraf.com xəbər verir ki, Bərzaninin Kürdüstan Demokrat Partiyası (KDP) ilə bağlı bəyanatına istinadla dərc edilən məqalədə diqqətçəkən detallar yer alıb.
Türkiyənin sərhədlərində keçirdiyi əməliyyatlarına da toxunulan təhlildə əliqanlı PKK-nın çətin günlər keçirdiyi, Şimali İraqda nəfəs belə ala bilməyərək parçalanma prosesinə girdiyi qeyd edilib.
Məqalədə PKK-nı müdafiə edənlərin məşhur ifadələrindən biri olan “müqavimət” məsələsinə də toxunulub və bölgədə müqavimətin olmadığı, əksinə terror təşkilatının məğlub olduğu bildirilib:
“PKK Şimalda nəfəs ala bilmir, qruplaşmalar durmadan məhv edilir, daha məhv ediləcək qruplaşma qalmayıb. Bəs bunun məsuliyyəti kimdədir? Bundan KDP məsuliyyət daşıyır.
PKK-nın keçən il elan etdiyi “müqavimət” qələbə deyil. “Müqavimət” sözünün arxasında məğlub olmuş, hərəkətsiz partizan taktikası var. PKK Türkiyə dövlətini məğlub edə bilmədi. Əksinə, Türkiyə dövlətinin qazandığı hər yerin altında məğlub olmuş PKK və itkiləri var”.
PKK-nın kürd gənclərdən necə istifadə etməsinə də toxunulan məqalədə terror təşkilatının 50 ildir kürd gəncliyini məhv etdiyi bildirilib:
“PKK-nın 50 illik müqavimət və mübarizəsinin həqiqəti böyük bir yalandır. 50 il ərzində 4 nəsil kürd gəncliyi tükəndi. Kürdüstan qalib gəlməyən müharibəyə məhkum edildi. Nəticədə kəndlər boşaldı, insanlar qaçdılar. İndi Şimali Kürdüstanın dağlarında və çöllərində ancaq ölüm var”.