ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 400-ə yaxın hərbçi, 10 ədəd “F/A-18” döyüş və bir neçə “C-130” hərbi təyyarəsini Şərqi Avropaya göndərdiklərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Pentaqonun sözçüsü Con Kirbi Norveçdə keçirilən təlimlərdə iştirak edən 200 hərbçidən ibarət dəniz piyadaları birləşməsinin Litvada yerləşdirildiyini bildirib.
“10 “F/A-18” təyyarəsi və bir neçə “C-130” təyyarəsi də Cənubi Karolinadakı Bafort bazasından Şərqi Avropaya göndəriləcək. Onların hara getdiklərini dəqiq deyə bilmərəm, amma hərbçilərin sayının 200 olduğunu deyə bilərəm”, - Kirbi qeyd edib.
Pentaqon sözçüsü Rusiyanın Kiyev ətrafındakı qüvvələrinin sayını azaltmaqla bağlı bağlı açıqlamasına şübhə etdiyini də deyib.
Kirbi Rusiyanın Kiyev ətrafından kiçik bir kontingenti geri çəkdiyini, bunun əsl geri çəkilmə olmadığını iddia edib:
“Bu, qüvvə dəyişikliyidir, əsl geri çəkilmə deyil və Rusiyanın Ukraynanın digər bölgələrində daha böyük hücumuna hazır olmalıyıq. Kiyev üçün təhlükə bitməyib”.
Rusiyanın hələ də Kiyev ətrafında önəmli sayda hərbi qüvvə saxladığını söyləyən Kirbi sözügedən rus qoşunlarının şimala çəkildiyini bildirib.