İranın Ukraynadakı sabiq müvəqqəti işlər vəkili və Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani ilə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Əfşar bəy, siz Ukraynada işləmisiniz, eləcə də uzun illər İran XİN-də Ukrayna ilə məşğul olan idarənin rəhbəri vəzifəsində çalışmısınız, bu ölkəni az-çox tanıyırsınız. Bu baxımdan Rusiyanın Ukraynaya hücumunu necə qiymətləndirirsiniz?
- Öncədən proqnoz belə idi ki, Prezident Putin bu səhvi edibsə, deməli, ABŞ və NATO-nun tələsinə düşüb. Məntiqlə bu addıma, getməməli idi. Yəni Ukraynaya hücum etməməli idi. Bəli, Ukraynada vəziyyət pisdir, bəzi yerlər tutulub, insanlar ölür, müharibə fəsadları ortaya çıxır. Bu, ictimai, siyasi, iqtisadi duruma təsir edir, ziyanlar vurur. Rusiya Ukraynadan çox güclüdür və hücumu davam etdirə bilər. Amma bu Rusiyaya heç nə verməyəcək. Putin və komandası əslində ABŞ-ın xeyrinə işləyib. Hətta Putin Ukraynanı tam nəzarətə götürüb Rusiyaya qatsa belə, bir nəticəsi olmayacaq. Əlbəttə, Putin uzaqgörəndir və normalda 140 milyonluq ölkəsində öz vətəndaşlarını daha yaxşı yaşamasına nail olmalıdır, halbuki əhalisinin yarısı kasıbçılıq həddində yaşayır. Ukraynada 10 milyon qaçqın ordusu yaranıb, bunun 4 milyonu xarici ölkələrə gedib. Məncə, Putinin öz ölkəsi daxilində hakim mövqe olması və kənar ölkələr üzərində at oynatması artıq uğursuzluğa düçar olub. İqtisadiyyatı pis vəziyyətə salınıb və bu getdikcə artan xətt üzrə davam edəcək. Rusiyanın az-çox imici var idi, indi dünya onun üzərinə gəlir. Putinin dünyada olan reytinqini də əldən verib. Hazırda dünyada Putin zalım kimi tanınır. Müharibə edən, müstəqil bir dövlətə hücuma keçən, insan öldürən imici yaranıb. Bu, Rusiyanın ziyanına olan hallardır.
Digər tərəfdən, bir müddət əvvəl çoxları anons edirdi ki, Putin SSRİ-ni bərpa etmək, çar üslubunda hökmranlıq qurmaq planlarını həyata keçirəcək və s. Amma mən öncədən deyirdim ki, bu ideyanın baş tutması mümkün deyil. Diqqət etsək, görərik ki, Putinin MDB daxilində yaratdığı institutlar işlək olmadı. Məsələn, KTMT yaradıb, amma istədiyi effekti vermədi, NATO-nun rəqibinə belə çevrilə bilmədi. Bu qurum daxilində də etimad məsələsi yoxdur. Eləcə də Avrasiya İqtisadi Birliyi. Heç bu qurumlara MDB ölkələrinin çoxu daxil olmadı.
Nəticə etibarı ilə Putinin Ukrayna siyasəti Avropanı birləşdirdi. Halbuki Avropanın daxilində problemlər müşahidə olunurdu, xüsusilə enerji mövzusunda. İndi Avropa çalışır ki, Rusiyadan daha çox az enerji alsın. Burada əsas nöqtələr Qətər, ABŞ, Azərbaycan və digər ölkələr ola bilər. İran da ola bilərdi. Amma təəssüf ki, İranın hələlik bu imkanı yoxdur və bu daha çox onun xarici siyasəti ilə bağlıdır. Yəni müəyyən problemlər var. Əslində 2014-cü ildə Ukrayna hadisələri zamanı Avropa enerji baxımından Rusiyadan asılılığını azaltmaq haqqında düşünməli idi. Amma fil qulağında yatmışdılar, indi oyanıblar.
Güman edirəm ki, II Dünya müharibəsindən sonra yaranan təhlükəsizlik sistemi tədricən dəyişəcək. Əslində indiyə qədər heç vaxt xristianların üz-üzə gəlməsi baş verməmişdi. Amma indi bir xristian ölkə digər xristian ölkəyə hücum edib, şəhərlər dağıdılıb, insanlar öldürülüb. Əlbəttə, bunun beynəlxalq siyasətə təsirləri olacaq. Əslində ABŞ-da belə qərara gəlinib ki, Rusiya öz yerində oturdulsun və sonra Çin məsələsi üzərinə getsinlər. Ola bilsin ki, indi bu plan həyata keçirilir.
- Çin deyərkən nəyi nəzərdə tutursunuz?
- ABŞ-ın bu planı hər zaman olub. II Dünya müharibəsində də ABŞ kənarda idi, amma sonda qoşuldu. Kənarda duraraq saat kimi işləyirdi, sonra Yaponiyaya atom bombası atdı və bildirdi ki, gəlin dost olaq, sizə hər cür dəstək verəcəyik. Belə də oldu, hazırda Yaponiya və ABŞ müttəfiqdir. Məncə, ABŞ yenə bu siyasətini təkrar edir. Ukrayna müharibəsinin bitməsi bu saat daha çox Rusiyaya lazımdır. Məncə, bunun üçün ruslar çalışırlar ki, hərb sahəsində nəsə etsinlər və sonra da desinlər ki, istədiyimizi aldıq, sülhə gedək. Məsələn, Ukrayna NATO-ya getmir, Krımı Rusiya əlində saxlayır, Donbasda nəsə edir. Bu Rusiyanın uduşu kimi görünə bilər. Məncə, Putin anlayıb ki, səhv edib. İndi bunu düzəltməyə çalışır.
Güman edirəm ki, Çin də bu məsələdən dərs alıb. Artıq bilir ki, Tayvan və digər məsələlərdə başqa cür hərəkət edəcəksə, belə sanksiyalarla üzləşə bilər. Bu mənada Çin ehtiyat edir, müharibəyə girmək haqda düşünmür. Siyasi baxımda Rusiyanı dəstəkləyə bilər, amma real əlaqələrdə dəstəkləməyəcək. Rusiyada öz dərsini aldı, planları baş tutmadı. Bundan sonra beynəlxalq əlaqələrdə Avropa və ABŞ, onun müttəfiqləri daha çox birləşəcək, NATO daha çox güclənəcək. Çünki dünyada təhdid və təcavüz ola biləcəyi ortaya çıxdı. Sözsüz ki, bu halda NATO üzvləri ittifaqı daha da gücləndirməkdə eyni mövqedə olacaqlar.
- Hazırda Ukrayna və Rusiya arasında danışıqlar aparılır. Gözləntiniz nədir?
- Bəli, İstanbulda danışıqlar getdi, ibtidai nəticələr əldə olundu. Bundan sonra Zelenski-Putin görüşü ola bilər. Hər halda danışıqlar davam etməlidir. Atəşkəsin elan olunması da mümkündür və bu, tərəflərə lazımdır. Bir daha qeyd edirəm ki, indi hər şey Putindən asılıdır və o, bu müharibəni dayandırmalıdır. Əks halda zəifləməyə doğru gedəcək, içəridə problemlərlə üzləşə bilər. Moskva deyir ki, Ukraynanın NATO-ya üzv olmasını istəmir. Amma sən Ukraynanı işğal edərək nəzarətinə götürsən, gəlib NATO ilə üz-üzə qalacaqsan, qonşu olacaqsan. Odur ki, bu bəhanədir. Sadəcə elə bilirdi ki, 72 saata məsələni həll edəcəklər, ukraynalılar da rus ordusunu qucaqlayacaq, Zelenski də qaçıb gedəcək. Açığı, bu plan baş tutmadı və indi Rusiya Ukraynada ilişib. Hər şey də Rusiyanın ziyanınadır. Bu həm də Rusiyanın iqtisadi durumu ilə paralel olaraq dünyada və regiondakı rolunun zəifləməsinə səbəb olacaq.
Sözsüz ki, Zelenskinin də müəyyən səhvləri var. Xüsusilə, NATO-ya üzvülük məsələsini qabardırdı. Amma bunu qabartmadan, demədən də iş görmək olardı. Düzdür, indi NATO ölkələri Ukraynaya az-çox kömək edirlər, silah ötürürlər. Ukraynada insanlar vətənlərini qoruyurlar. Sən də durub deyirsən ki, gedirəm orada nasistləri zərərsizləşdirim, rus əhalini qoruyum. Sən belə qoruyansansa, elə Rusiyadakı rusları qoru, rifah yarat. Hələ demirəm ki, ətrafında olanların çoxu oliqarxlardır. Özləri ət yeyib, əhalinin qarşısına arpa atıblar. Əlbəttə, lider öz ölkəsini, xalqını qorumalıdır. Ukrayna müharibəsinə etiraz edənləri dağıdırsan, insanları tutursan, qanunları sərtləşdirirsən. Məncə, Putinin belə tələyə düşməsi yaxşı haldır. Özüm də İranda Ukrayna ilə bağlı yazılar yazıram, müsahibələr verirəm. Bir daha hesab edirəm ki, ziyan Rusiyaya olacaq. Güman edirəm ki, Putin müharibəni nə qədər çox davam etdirəcəksə, bir o qədər palçığa batacağını anlamağa başlayıb.
- Ukraynanın NATO-ya üzv olması nəyi dəyişə bilər?
- Əslində bunun nəyi dəyişib-dəyişməyəcəyi ayrı mövzudur. Vacibi odur ki, hər bir dövlət və millət hansı təşkilata üzv olmasına özü qərar verir. Belə bir qərardan onu heç kim məhrum etməməlidir. Bu baxımdan Rusiyanın haqqı yoxdur ki, Ukraynanın hansısa təşkilatda olub-olmayacağını müəyyən etsin. Buna Ukrayna dövləti və xalqının özü bilər, qərar verər. Sən deyə bilərsən ki, mənim təhlükəsizlik maraqlarımı nəzərə al, gəl nə mən sənə, nə sən mənə hücum etməmək haqda müqavilə bağlayaq, ərazilərimizdən başqa ölkələrdən müharibə üçün istifadəsinə razı olmayaq. Amma sən cinayət olmamışdan əvvəl cəza kəsməyə qalxırsan. Bu beynəlxalq hüquqa ziddir.