ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, ABŞ-ın hesablamalarına görə, Ukraynaya qarşı müharibədə Rusiya tərəfi 10 mindən çox əsgər itirib.
Teleqraf.com xəbər verir ki, amerikalı diplomat bunu “Present Time” nəşrinə deyib.
“Rusiya tərəfi inanılmaz itkilər verir. Bizim hesablamalarımıza görə, 10 mindən çox rus öldürülüb. Amma real atəşkəs əldə olunmayana qədər ciddi danışıqlar olmayacaq”, - o bildirib.
Ukrayna ilə Rusiya arasında yaxın həftələrdə atəşkəsin mümkün olub-olmaması ilə bağlı suala cavabında Nuland əlavə edib ki, ukraynalılar və onların müttəfiqlərinin nail olmağa çalışdıqları budur, lakin Rusiya hələ ki, Ukrayna ordusunun nə qədər güclü olduğunu tam başa düşməyib.
Qeyd edək ki, Rusiya tərəfi bu müharibədə 1351 əsgərinin öldüyünü deyir, Ukrayna Müdafiə Nazirliyi isə bu rəqəmin 17300-ə yaxın olduğunu açıqlayıb.