ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı qərarlar qəbul etməyə hazır deyil.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild keçirdiyi brifinqdə deyib.
“Biz Ukrayna ilə onların suverenliyini və təhlükəsizliyini təmin etməkdə kömək edə biləcəyimiz yolları daim müzakirə edirik. Amma hazırda danışa biləcəyim təhlükəsizlik zəmanətləri ilə bağlı konkret təfərrüatlar yoxdur”, - Bedinqfild bildirib.
Qeyd edək ki, Ukrayna və Rusiya arasında martın 29-da İstanbulda keçirilən sülh danışıqlarının birinci raundu başa çatdıqdan sonra Ukrayna tərəfi təhlükəsizlik təminatlarına dair beynəlxalq saziş imzalamağı təklif edib.
Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü David Arahamiya bildirib ki, Ukrayna Britaniya, Çin, ABŞ, Fransa, Türkiyə, Almaniya, Polşa və İsrail də daxil olmaqla, BMT Təhlükəsizlik Şurasını qarant kimi görmək istəyir.