1 Aprel 2022 11:14
3 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya yalnız dost ölkələrə ərzaq tədarük edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev özünün “Telegram” kanalında yazıb.

O xatırladıb ki, Rusiya Hindistan və Çinlə birlikdə ən böyük taxıl istehsalçısı, son illərdə isə ən böyük buğda ixracatçısıdır:

“Bir çox ölkələrin ərzaq təhlükəsizliyi bizim tədarükümüzdən asılıdır. Belə çıxır ki, yeməyimiz bizim səssiz silahımızdır. Sakit, lakin qorxunc. Əgər kimsə bilmirsə və ya unudubsa, deməli, bizim kənd təsərrüfatı məhsullarının ixracı real silahların ixracını üstələyir - kötən il bu, 37 milyard dollardan çox olub”.

Dmitri Medvedyev Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi total sanksiyaları nəzərə alaraq, Rusiyanın ərzaq təhlükəsizliyi ilə bağlı bir neçə sadə, lakin vacib məqamları qeyd edib:

Birincisi, müxtəlif və ləzzətli rus məhsulları bizim daxili tələbatlarımızı tam ödəmək üçün kifayətdir.

İkincisi, ərzaq təchizatında prioritet daxili bazarımızdır və qiymətə nəzarət edirik.

Eyni zamanda, dövlət tərəfindən fermerlərə genişmiqyaslı və sistemli yardımlar davam etdiriləcək.

Üçüncüsü, biz ərzaq və qida məhsullarını yalnız dostlarımıza tədarük edəcəyik (xoşbəxtlikdən bizdə bunlar çoxdur və onlar Avropada və Şimali Amerikada ümumiyyətlə yoxdur). Biz razılaşdırılmış nisbətdə bunu həm rublla, həm də onların milli valyutası ilə satacağıq.

Dördüncüsü, biz öz məhsulumuzu, kənd təsərrüfatı məhsullarımızı düşmənlərimizə verməyəcəyik. Və biz onlardan heç nə almayacağıq".


Müəllif: Nemət