7 May 2014 14:17
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ötən ay Nigeriyada Boko Haram radikal islamçı qruplaşma tərəfindən qaçırılmış 200-dən çox məktəbli qızı tapmaq üçün mütəxəssislər göndərib.

Prezident Barak Obama deyib ki, mütəxəssislər qrupuna hərbi, hüquq və digər sahənin mütəxəssisləri daxildir.

ABŞ prezidenti oğurlanma hadisəsinin beynəlxalq ictimaiyyəti Boko Haram qruplaşmasına qarşı tədbirlər görməyə vadar edəcəyinə ümidlidir.

Bir müddət öncə Nigeriyanın şimal-şərqində daha səkkiz qız oğurlanıb. Son oğurlanma hadisəsi isə ötən bazar günü baş verib. 12-15 yaş arası qızlar Varab kəndindən oğurlanıb.

Bazar ertəsi Boko Haram lideri Abubakar Şekau 230 qızı qonşu ölkələrə satacağı ilə hədələyib.

Təşvişin artdığını görən ABŞ Nigeriya hökumətinə yardım təklif edib.

"Biz Nigeriyaya yardım qrupu göndərmişik. Onlar qızların harada olmasını aydınlaşdırmağa çalışacaq", - deyə, Obama bəyan edib.

Prezident Obama hadisəni "özbaşınalıq", Boko Haram qrupunu isə "ən alçaq regional terrorçu təşkilat" adlandırıb.

"Qərbyönlü təhsil qadağandır" mənasını verən "Boko Haram" adını daşıyan bu radikal qruplaşma 2009-cu ildən Nigeriyanın şimalında teokratik dövlət yaratmağa çalışır.

ABŞ rəsmiləri qızların ilk qrupunun qaçırıldığı zaman onların Çad və Kameruna aparıldığını iddia edir. Lakin hər iki dövlət rəsmiləri məlumatı təkzib edib.

Ülviyyə


Müəllif: