10 Aprel 2022 14:53
1 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Pakistan parlamenti Baş nazir İmran Xana qarşı etimadsızlıq səsverməsi üçün toplanıb. Səsvermədə istədiyi nəticəni ala bilməyən İmran Xan vəzifəsindən kənarlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, parlament sədri Əsəd Qeysər və vitse-spiker Qasım Suri səsverməyə az qalmış istefa verib.

Parlamentin iclasına etimadsızlıq səsverməsinə dəstək verən müxalifətdəki Pakistan Müsəlman Liqası-Nəvaz partiyasından olan deputat Ayaz Sadiq sədrlik edib.

Konstitusiya Məhkəməsi aprelin 7-də Baş nazir Xana etimadsızlıq səsverməsinə “yaşıl işıq” yandırıb.

Səsvermədən əvvəl Xanın ittifaq qurduğu və parlamentdə 7 deputatı olan Birləşmiş Xalq Hərəkatı (MQM-P), 4 deputatı olan Bəlucistan Avami Partiyası (BAP) və bir deputatı olan Respublika Vətən Partiyası (JWP) müxalifətə dəstək verdiyini açıqlayıb. Hökumətin müttəfiqi olan partiyaların etimadsızlıq səsverməsində müxalifətin tərəfinə keçəcəyini bəyan etməsindən sonra parlamentdə üstünlük müxalifət blokuna keçib.

Digər tərəfdən, iqtidardakı Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) ən az 13 deputatı da Xanın əleyhinə səs verəcəklərini açıqlamışdı.

Beləliklə, İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk baş nazir olub.

Müxalifətin hökuməti devirmək cəhdinin arxasında ABŞ-ın dayandığına dair ittihamları davam etdirən Xan deyib: “Bir neçə ay əvvəl parlament üzvlərindən bir neçəsi ABŞ-ın İslamabaddakı səfirliyinə gedib və onlara Baş nazir Xana etimadsızlıq səsverməsinin keçirilməsi tapşırılıb”.

Pakistanda “idxal hökuməti” əsla qəbul etməyəcəyini bildirən Xan aprelin 10-u axşam saatlarında bütün ölkəni küçələrə çağırıb.

Xan hökumətinin etimadsızlıq səsverməsi ilə yola salınmasından sonra sabah parlamentdə yeni baş nazir seçiləcək.

Etimadsızlıq səsverməsinə sədrlik edən Ayaz Sadiq boş qalan baş nazir kürsüsü üçün gün ərzində namizədlərin sənədlərini parlament sədrinə təqdim etməli olduqlarını bildirib. O, yeni baş nazirin sabah günortadan sonra parlamentdə seçiləcəyini bildirib.

Parlamentin qaydalarına görə, baş nazir kreslosu boş qalarsa, qanunverici orqan müzakirəsiz və ya başqa iş görmədən yeni müsəlman baş nazir seçməlidir. Baş nazirliyə müraciət edənlər arasında səs çoxluğu həddi olan 172 və daha çox səs toplayan namizəd baş nazir seçilir.


Müəllif: Mənsur Rəğbətoğlu