17 Aprel 2022 16:14
1 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri İmran Xan baş nazir postundan uzaqlaşdırıldıqdan sonra ikinci mitinqini Kəraçidə keçirib.

Teleqraf.com xəbər verir ki, Xan açıqlamasında Pakistana qarşı qlobal sui-qəsdin həyata keçirildiyini bildirib və heç bir ölkəyə qarşı olmadığını və insanlığın yanında olduğunu deyib.

Bütün ölkələrlə dostluq əlaqələri qurmaq istədiyini vurğulayan Xan bununla belə heç kimə kölə olmaq istəmədiklərini qeyd edib.

O, postundan uzaqlaşdırılmasını sui-qəsd kimi xarakterizə edərək, bunun pakistanlıları xarici güclər tərəfindən əsarət altına almaq məqsədilə edildiyini vurğulayıb. Xan bu sui-qəsdin arxasında ABŞ-ın dayandığını, indiki Baş nazir Şahbaz Şərifin məhz Amerika tərəfindən hakimiyyətə gətirildiyini iddia edib. O, Şərif ailəsinin 30 ildir ölkəni talan etdiyini və oğruların geri qayıtdığını deyib.

Xan iddia edib ki, üç-dörd ay əvvəl amerikalı rəsmilər İslamabaddakı ABŞ səfirliyində müxalifət partiyasının üzvləri, öz partiyasından olan bir sıra deputatlar və jurnalistlərlə görüşüblər. Xan bu görüşdən sonra ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lunun Amerikanın İslamabaddakı səfiri ilə görüşdüyünü deyib və Lunun etimad səsverməsi ilə bağlı əvvəlcədən məlumatlı olduğunu iddia edib.

Xan Lunun Pakistanın Vaşinqtondakı səfirini hədələdiyini, ona qarşı keçirilən etimadsızlıq səsverməsinin istənilən nəticə ilə yekunlaşmayacağı təqdirdə bunun Pakistan üçün pis olacağı barədə ona xəbərdarlıq etdiyini söyləyib.

Xan xatırladıb ki, parlamentin keçmiş sədr müavini Qasım Suri bunu öyrəndikdən sonra etimadsızlıq sessiyasını təxirə salıb. Konstitusiya Məhkəməsinin etimad səsverməsi ilə bağlı qərarını xatırladan Xan əlləri bağlı olduğu üçün bu qərarı qəbul etdiklərini bildirib.

Xan ABŞ-a da müraciət edib: “ABŞ-dan soruşuram, mənimlə nə problemin var?”.

Aprelin 11-də keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib. Pakistanda aprelin 10-da parlamentdə keçirilən etimad səsverməsi nəticəsində 174 əleyhinə səs toplayan İmran Xan hökuməti iqtidardan uzaqlaşdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu