29 Aprel 15:32
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Putinin fərmanı ilə Rusiya qazını rublla almaq istəməyən Polşa və Bolqarıstanın qazının kəsilməsindən sonra Almaniyanın ən böyük şirkətlərindən biri “Uniper” qazı rus valyutası ilə ala biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, “Uniper” ödənişin “Qazprom”un hesabına avro ilə ediləcəyini, lakin bu pulun Kremlin tələbi ilə ikinci hesabda Rusiya rubluna çevriləcəyini bildirib.

Almaniya şirkətindən BBC-yə verilən açıqlamada bildirilib:

“Sanksiya qanununa və Rusiyanın qararına uyğun olaraq, ödənişin dəyişdirilməsinin mümkün olduğunu düşünürük. Rusiyadan verilən qazın dayandırılmasının qısa müddətdə iqtisadiyyatımız üçün dramatik nəticələri ola bilər”.

Avropa İttifaqı təbii qaza görə 80 faizdən çox xaricdən asılıdır və ehtiyacının böyük hissəsini Rusiya qazı hesabına ödəyir. “Eurostat”ın son məlumatına görə, Rusiyanın idxalda payı 41%-dən çoxdur. İdxalda ən böyük paya sahib olan digər ölkələr isə 16.2 faizlə Norveç, 7.6 faizlə Əlcəzair və 5.2 faizlə Qətərdir.


Müəllif: Mənsur Rəğbətoğlu