Ukraynanın cənub-şərqində hərbi manevrləri genişləndirən Donbas separatçıları hökumət qüvvələrini mühasirəyə almaq üçün hərəkətə keçiblər. Antiterror qüvvələri əks həmlələrlə separatçıların cəhdlərini neytrallaşdırmağa müvəffəq olsa da, vəziyyət mürəkkəb olaraq qalır.
Teleqraf.com-un məlumatına görə, bu barədə ənənəvi gündəlik brifinqdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının Analitik İnformasiya Mərkəzinin rəhbəri Andrey Lısenko açıqlama verib. O, etiraf edib ki, cəbhənin müxtəlif istiqamətlərində ordunun elit birləşmələrinin separatçıların tam mühasirəsinə düşməsi təhlükəsi mövcuddur:
“Xüsusən, Debaltsevo ətrafında çətin vəziyyət yaranıb. Separatçılar hər an antiterror qruplaşmalarını mühasirəyə götürə bilərlər”.
Onun sözlərinə görə, terrorçuluğa qarşı əməliyyat zonasında vəziyyət gərgin qalır: “Gün ərzində Rusiya muzdluları Debaltsevo, Donetsk, Luqansk istiqamətlərində ordunu intensiv atəşə tutublar”.
Nail Cəlil