BMT-nin Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyən qanun layihələrinə münasibətdə ehtiyatlı davranan Monqolustanı Yaponiya beynəlxalq ictimaiyyətlə birgə hərəkət etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, Yaponiya Xarici işlər naziri Hayaşi Yoşimasa Ulan-Batorda monqol həmkarı Batmunx Battsetseqlə ikitərəfli və regional məsələləri müzakirə edib.
Görüş zamanı Hayaşi Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyən BMT qətnamələrinə münasibətdə ehtiyatlı davranan Monqolustandan beynəlxalq ictimaiyyətlə harmoniyada hərəkət etməyi xahiş edib.
Rusiyanın hücumlarının beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bildirən yapon nazir bunun beynəlxalq nizamın təməlini sarsıdacaq ciddi problemə səbəb olduğunu deyib.
Battsetseq Monqolustanın mövqeyi ilə bağlı da açıqlama verib və Ukraynada ən qısa zamanda atəşkəsin yaradılmasının vacibliyinə diqqət çəkib.
Görüş zamanı iki nazir gənc monqol diplomatların Yaponiyadakı məktəblərdə təhsil almaları üçün 260 milyon yen (2 milyon dollar) məbləğində yardım müqaviləsi imzalayıblar.
Hayaşi Monqolustan Baş naziri Luvsannamsray Oyun-Erdene tərəfindən də qəbul edilib.