Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi paytaxt rayonlarının icra hakimiyyətlərində “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda silsilə tədbirləri davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, növbəti belə tədbir Suraxanı Rayon İcra Hakimiyyətində keçirilib.Müşavirədə Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, eləcə də Mülki Müdafiə Qoşunlarının əməkdaşları, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin rəhbərləri, bələdiyyə və mənzil istismar sahələrinin nümayəndələri iştirak edib.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev müşavirəni açaraq rayon ərazisində yanğın təhlükəsizliyi sahəsində mövcud problemlərin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev vurğulayıb ki, insanlar yanğın təhlükəsizliyi məsələlərinə diqqətlə yanaşmalı, aidiyyəti qurumlar isə mövcud problemlərin həlli istiqamətində fəal iş aparmalıdır.
Tədbirdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları” mövzularında çıxışlar ediblər.
Çıxışlarda rayon ərazisindəki bəzi yerlərdə qanunsuz basdırılan dəmir dirəklərin şəkilləri nümayiş etdirilib, onların müntəzəm olaraq kəsilərək aradan qaldırılmasına baxmayaraq, vətəndaşlar tərəfindən yenidən bərpa edildiyi vurğulanıb.
Rayonun mənzil kommunal təsərrüfat birliyinin, qaz istismar sahəsinin, enerji təchizatı və satışı idarəsinin, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının nümayəndələrinin “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında məruzələri dinlənilib.Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar nümayiş olunub.