4 May 2022 17:19
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Regional məsələlər komitəsi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Tarix yazan imza” mövzusunda video-konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri, Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin, “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının nümayəndələri, həmçinin 59 şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədrləri iştirak ediblər.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qüdrətli Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daima böyük ehtiramla yad edildiyini bildirib.

Müasir Azərbaycan tarixində misilsiz xidmətlər göstərmiş əbədiyaşar liderimizin anadan olmasının növbəti ildönümünün 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyümüzün təmin olunduğu dövrdə qeyd edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Siyavuş Novruzov Ümummilli lider Heydər Əliyevin əzəli torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində apardığı ədalətli mübarizəsinin onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən qalibiyyətlə başa çatdırılmasından bəhs edib.

Komitə sədri qazanılan tarixi zəfərin Heydər Əliyev siyasətinin təntənəsi olduğunu bildirib. Ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın müasir tarixinin bütün mərhələləri, ölkəmizdə uğurla həyata keçirilən sosial iqtisadi və demokratik hüquqi islahatlar məhz dahi Öndərin adı ilə bağlıdır.

Tədbirdə Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məruzə ilə, komitənin üzvləri Emin Hacıyev, Məzahir Əfəndiyev “Tarix yazan imza” mövzusunda çıxış ediblər.

Video konfransda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Quba bələdiyyəsinin sədri Humayə Məmmədova, Xəzər rayonunun Binə bələdiyyəsinin sədri Habil Həmidov Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanda yerli özünüidarəetmə sisteminin yaradılmasından və bələdiyyələrə dövlət qayğısından söhbət açıblar.


Müəllif: Nemət

Oxşar xəbərlər