5 May 2022 12:17
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Financial Times” qəzetində gələn il Türkiyədə keçiriləcək prezident seçkilərində müxalifətin Prezident Rəcəb Tayyib Ərdoğanın qarşısına hansı namizədlə çıxacağı ilə bağlı məqalə dərc edilib.

Teleqraf.com xəbər verir ki, nəşr müxalifətin namizədini açıqlamaqda gecikdirməsi ilə ən yaxşı fürsəti əldən çıxaracağını bildirib.

Məqalədə Kamal Kılıçdaroğlunun 2010-cu ildən CHP-yə rəhbərlik etdiyi və Ərdoğana qarşı ardıcıl məğlubiyyətlər yaşadığı, 2019-cu ildə bələdiyyə seçkilərində qələbə qazansa da, ən böyük uğurunun Türkiyə liderinə qarşı qurduğu birlik olduğu qeyd edilib. Həmçinin Rusiya-Ukrayna arasında fevralın 24-də başlayan müharibə ilə Türkiyənin NATO ölkələri qarşısında vasitəçilik önəmini artırdığı və Ərdoğanın bu fürsətdən istifadə etdiyi vurğulanıb.

Adının açıqlanmasını istəməyən müxalif siyasətçi ingilis nəşrinə deyib: “Ötən il məndən soruşsaydınız, deyərdim ki, bu seçkidə qalibiyyət çantadadır, Ərdoğan uduzacaq, amma indi buna daha az əminəm”.

Məqalədə müxalifət qanadını ən çox narahat edən məqamın Kılıçdaroğlunun Ərdoğana qarşı namizədliyini irəli sürməsi və Türkiyə liderinin onu “diri-diri yeyəcəyi” olduğu bildirilib.

CHP-nin liderliyində qurulmuş “Beşlik İttifaqı”nda təmsil olunan bir partiya rəsmisi qəzetə söyləyib: “Kılıçdaroğlu namizəd olmağa can atır. Onun yaxşı prezident olacağına şübhəm yoxdur, amma qalib gəlmək ehtimalı çox azdır”.

Nəşr Ərdoğanın 2014-cü ildə 13 xal fərqi ilə qalib gəldiyini yazıb və onunla baş-başa rəqabət apara biləcək iki potensial namizədin olduğuna diqqət çəkib. Qəzetin iddiasına görə, onlar CHP-dən olan Mənsur Yavaş və Əkrəm İmamoğludur. Yavaşın mühafizəkar və millətçi, eyni zamanda təcrübəli olduğu, İmamoğlunun da ön plana çıxdığı qeyd edilib.

İmamoğlunun Ərdoğanın yaratdığı prezident idaərəetmə sistemini ləğv etmək üçün “çox iddialı” olduğuna dair şərhlər var. Müxalifət partiyalarından birinin rəsmisi bu haqda deyib: “O, yeni Tayyib Ərdoğan ola bilər. Amma bunu heç kim istəmir. Bu rola və bu gücə sahib olduqdan sonra istədiyinizi edə bilərsiniz”.

Qəzetə açıqlama verən İmamoğluna yaxınlığı ilə tanınan bir şəxs isə fərqli fikir bildirib: “İmamoğlunun Ərdoğanla yeganə oxşarlığı onun Qara dəniz bölgəsindən olması və gənc yaşlarında futbol oynamasıdır. Bu ikisindən başqa onların heç bir ortaq cəhəti yoxdur”.

Qəzetə açıqlama verən İyi Partiyasının rəsmisi Maral Akşenerin ilk turda Ərdoğanı asanlıqla məğlub edə biləcək və ikinci tur olmadan qələbə qazana biləcək namizəd axtarışında olduğunu deyib. “Financial Times” Akşenerin İmamoğlunu dəstəkləyə biləcəyini yazıb.

“Financial Times” məqaləsində HDP-yə də geniş yer ayırıb:

“Namizəd irəli sürərkən ən vacib detal Türkiyənin ən böyük kürd-etnik azlıq partiyasından razılıq almaq olmalıdır. Seçkilərdə 12 faiz səs alacağı gözlənilən partiya hazırda ittifaqda yer almır. Mənsur Yavaşla müqayisədə Kılıçdaroğlu və İmamoğlu HDP-yə daha yaxındır”.

Mənsur Yavaşın isə millətçi keçmişinə görə HDP-dən səs almayacağı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər