5 May 2022 14:19
2 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Baş naziri Narenda Modi Avropa ölkələrinə səfər edib. Narendra Modinin bu səfərdə iki məqsədi olub. Birinci məqsədi Dehlinin Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədə ölkəsinin mövqeyini izah etmək, ikinci məqsədi isə Avropa ölkələri ilə əməkdaşlığın inkişafı mövzularını müzakirə etməkdir. Modini səfərdə Hindistanın yeni təyin olunmuş Xarici İşlər naziri Vinay Kvatra müşaiyət edib. Bu, Modinin 2022-ci ildə xaricə ilk səfəridir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilib.

Məqalədə Hindistan baş nazirinin Almaniyada bir neçə sazişə imza atdığı deyilib:

“Bu sazişlərə görə, Hindistan 2030-cu ilə qədər 10 milyard avro kredit əldə edəcək. Bu maliyyə Hindistanda ekoloji təmiz enerjinin istehsalını artırmaq məqsədilə xərclənəcək. Berlin Dehli ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Dehli də Almaniyanı Avropada əsas tərəfdaşı sayır. Məsələn, Berlin Hindistan-Çin gərginliyində Dehlinin mövqeyini dəstəkləyir. Berlin Çinin bölgədə hərbi gücünü artırmasından narahatdır. Almaniya Kansleri Olaf Şolz Hindistan, İndoneziya, Seneqal və Cənubi Afrika Respublikasını “Böyük Yeddilər”in iyunda Almaniyada keçiriləcək sammitinə dəvət edib.

Modi Berlində Hindistanın Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni bu şəkildə dəyərləndirib: “Hesab edirik ki, bu müharibədə qalib yoxdur”.

Modi Rusiyanın adını çəkməsə də, faktiki bu cümlə ilə demək istəyib ki, başqa ölkənin ərazisinin işğalını dəstəkləmir. Halbuki ABŞ və Avropa İttifaqı Hindistandan daha artığını gözləyir, Dehlinin Rusiya ilə əməkdaşlığının miqyasını azaltmasını istəyir.

Narendra Modi Almaniyanın ardınca Avropa İttifaqının ikinci əsas dövləti Fransaya səfər edib, Prezident Emmanuel Makronla görüşüb. Modi Berlində olduğu kimi Parisdə də Ukrayna mövzusunu müzakirə edib. Modi Makronla görüşdən sonra Hindistanın xarici işlər naziri bildirib ki, hər iki ölkənin Ukrayna ilə bağlı mövqeyi eynidir. Modi böyük ehtimalla qapalı görüşdə Rusiyanın Ukraynada apardıığı işğalçı müharibəni pislədiyini bildirib. Paris və Dehli Ukrayna mövzusuyla bağlı dialoqu genişləndirməyi qərara alıblar”.

Məqalədə vurğulanıb ki, Paris də Berlin kimi Dehlinin Rusiyadan uzaq dayanmasını istəyir:

“Eyni zamanda, Berlinlə yanaşı, Paris də Hindistan-Çin qarşıdurmasında Dehlinin mövqeyini dəstəkləyir. Bundan başqa, Makron Hindistanın BMT Təhülksəzilik Şurasının daimi üzvü olması təklifini də dəstəkləyir. Bunun reallaşması problematikdir. Çünki Təhlükəsizlik Şurasının digər daimi üzvü Çin Hindistanın onunla bir sırada dayanmasına əngəl olacaq.

Beləliklə, Modi Avropa ölkələrinə səfəri zamanı Hindistanın Ukrayna ilə bağlı mövqeyini şəxsən izah etməyi qarşısına məqsəd qoyub. Modi Avropa liderlərinə izah etməyə çalışıb ki, Dehli Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni bəyənməsə də, Kremllə əlaqələrdən imtina edə bilməz. İki ölkə arasında bəzi ortaq layihələr və enerji əməkdaşlığı var. Bunun bir səbəbi də Çinin siyasətidir. Dehli hesab edir ki, Kremllə əlaqələrdən imtina etsə, Rusiya Çin-Hindistan gərginliyində birmənalı şəkildə Pekinə dəstək verəcək. Bu isə bölgədə Çinin mövqeyini daha da gücləndirəcək.

Dehli Çinin Avropa ölkələrinə artan yatırımlarından da narahatdır. Hindistan maliyyə resursları baxımından Çindən geri qalır. Hindistan şirkətlərinin başqa ölkələrə yatırım qoymaq imkanı yoxdur. Ona görə da bu yarışda Çindən geridə qalır. Dehli ehtiyat edir ki, Pekin Avropanın bir sıra ölkələrinə qoyduğu yatırımlar hesabına həmin dövlətləri özünə yaxınlaşdıra bilər. Ancaq Pekinin Çin daxilində yürütdüyü sərt siyasət, insan haqları pozuntuları və bölgədə hərbi gücünü artırması Avropanın aparıcı dövlətlərini narahat edir. Bu amil isə Hindistanın xeyrinədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər