Son zamanların ən dəhşətli hadisəsi ABŞ-ın Los-Anceles şəhərində dəfn evində baş verib. Dəfn sahiblərinin şikayəti əsasında meyitxanaya daxil olan səlahiyyətlilər gördükləri mənzərədən dəhşətə gəliblər.
Teleqraf.com xəbər verir ki, “Mark B. Allen Morgue və Cremation Services” uzun illər ABŞ-ın Los-Anceles şəhərində iş adamları üçün dəfn xidməti təşkil edir.
Əvvəlcə onların digər adi dəfn evlərindən heç bir fərqi olmayıb. Ancaq illər keçdikcə bəzi şikayətlər gəlməyə başlayıb. Mark B. Allenə qarşı irəli sürülən ittihamlar qan dondurucudur. Araşdırmalar nəticəsində məlum olub ki, Mark B. Allen cəsədləri lazımi qaydada saxlamayıb, hətta basdırmayıb. İş o yerə çatıb ki, cənazə evində körpələr də daxil olmaqla 11 nəfərin çürümüş cəsədi tapılıb.
Dəfn evində baş verən bu dəhşətli hadisə Dövlət Qəbiristanlıq və Dəfn Bürosu tərəfindən də araşdırılıb. Səlahiyyətlilərin ziyarət etdiyi dəfn evinin meyitxanasında temperatur 60 dərəcəyə qalxıbmış. Üstəlik, hadisə yerinə baxış keçirən rəsminin verdiyi məlumata görə, çürük meyit iyinin yüksəldiyi morqun ətrafını milçəklər mühasirəyə alıb.
Mark B. Allenin dəfn evində baş verən hadisələrin üzə çıxmasından sonra şəhər prokuroru Mayk Feuer verdiyi açıqlamada deyib ki, bu inanılmaz dərəcədə kədərli və sarsıdıcı vəziyyətdə biz ailələr üçün ədalət uğrunda mübarizə aparırıq: “ Aralarında kiçik uşaqlar da olan 11 nəfərin cəsədi var. Halbuki onlar dəfn edilmək əvəzinə orada saxlanılıb və çürüyüb”.
Öz adını daşıyan dəfn evinin sahibi Mark B. Allenin bunu niyə törətdiyi hələ də məlum deyil. 22 fərqli cinayətdən mühakimə olunan Allen, Kaliforniya ştatının sağlamlıq və təhlükəsizlik qaydalarını pozduğu üçün 11 il həbs və 110 min ABŞ dolları pul cəzasına məhkum edilməsi gündəmdədir.
Qeyd edək ki, bu, ABŞ-da ilk dəfə deyil. ABŞ-da 2002-ci ildə bir dəfn evində 330-dan çox cəsədin dəfn edilmədiyi və çürüdüyü məlum olmuşdu.