Qara dənizdə batırılan Rusiya hərbi gəmisində ABŞ-ın rolu və Ukrayna tərəfindən öldürülən rus generallarla bağlı xəbərlər Vaşinqtonda narahatlığa səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cem Psaki bildirib.
Sözçü deyib ki, ABŞ-ın verdiyi kəşfiyyat məlumatlarının Ukraynaya Rusiya gəmisini və rus generallarını hədəf almasına kömək etdiyi barədə ABŞ mətbuatına sızan açıqlamalar prezident Co Baydeni narahat edib.
“Prezident sızmalardan məmnun deyil”,- deyən Psaki əlavə edib ki, Baydenə görə, bu, ABŞ-ın rolunu şişirdən qeyri-dəqiq bəyanatdır.
Sözçü Psaki prezident Baydenin başqa bir baxışının Ukraynanın rolunu və liderliyini aşağılamaq olduğuna diqqət çəkib: “Prezident bu sızmaların konstruktiv olduğunu düşünmür”.
Adı açıqlanmayan amerikalı rəsmi ötən həftə bildirib ki, ABŞ Ukrayna tərəfindən batırılan Rusiya hərbi gəmisi “Moskva”nın Qara dənizdə yeri barədə Kiyevlə kəşfiyyat məlumatı paylaşıb.
Başqa bir ABŞ rəsmisi bildirib ki, Ukrayna öz gəmi əleyhinə raketlərindən istifadə edərək kreyseri hədəfə almaq qərarına təkbaşına gəlib. Eyni məmur qeyd edib ki, ABŞ Ukrayna sahillərinə dənizdən hücum edən Rusiya gəmiləri ilə bağlı bir sıra kəşfiyyat məlumatları, o cümlədən onların yeri haqqında məlumat verib.
Rusiya donanmasının flaqmanlarından birinin batması, fevralın 24-də başlayan Ukraynaya müdaxilədə Moskvanın ən böyük uğursuzluqlarından biri kimi qiymətləndirilir.
Bu açıqlamadan bir gün əvvəl “New York Times” qəzeti Ukraynanın rus komandirləri hədəf alaraq öldürməsində ABŞ-dan alınan kəşfiyyat məlumatlarının rol oynadığını yazmışdı. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib ki, ABŞ agentlikləri yüksək rütbəli hərbçilərin yerdə olduqları barədə məlumat paylaşmır və ya onların hədəfləri ilə bağlı qərarlara müdaxilə etmir.