Ukrayna müdafiə qüvvələri Rusiya ordusunun genişmiqyaslı hücumunu dayandırıb və qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general Aleksey Qromov deyib.
Qromov əlavə edib ki, bu, Ukraynanın Rusiyadan gələn hərbi təhlükənin kritik artımına cavab tədbirləri kompleksini vaxtından əvvəl həyata keçirməsi, eləcə də müdafiənin aktiv manevrləri sayəsində mümkün olub.
O, xüsusi qeyd edib ki, rus ordusu Xarkov vilayətində şəhəri mühasirəyə almaq üçün uğursuz cəhddən sonra müdafiəyə keçib:
“İzyum istiqamətində uğursuzluğa düçar olan rus qüvvələri müdafiəyə keçərək, çəkindirici vasitələrə əl atıb, eləcə də qüvvələrini Luqansk istiqamətinə ötürüb.
Xerson və Melitopolda işğal olunmuş ərazilərin azad edilməsi üzrə aktiv fəaliyyətimiz nəticəsində düşmən müdafiəyə keçib və hazırda çəkindirici tədbirlər həyata keçirir”.
General həmçinin qeyd edib ki, rus qüvvələrinin növbəti mümkün həmlələri Odessa, Nikolayev və Zaporojye vilayətlərinin bir hissəsini nəzarətə götürmək, Moldovanın Dnestryanı bölgəsinə quru dəhlizi yaratmaq, Ukraynanın mərkəzi və ya Kiyevi ələ keçirmək ola bilər:
“Beləliklə, düşmən öz strateji və siyasi məqsədinə nail olmağa çalışacaq. Amma bu, onun fikridir”.
General Rusiyanın hərbi hədəflərinə nail ola bilməyəcəyinə əminliyini ifadə edib.
Qromov həmçinin vurğulayıb ki, rus ordusu tammiqyaslı işğalın başlanğıcından bəri şəxsi heyətin təxminən 20%-ni, əsas silah və hərbi texnika növlərinin isə 60%-ə qədərini itirib.