Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josef Borrel Almaniyanın “Frankfurter Allgemeine” qəzetinə müsahibə verib.
Teleqraf.com xəbər verir ki, avropalı diplomat müsahibədə Türkiyənin Rusiya və Ukrayna arasındakı vasitəçilik səylərinə diqqət çəkib.
Borell Ukrayna müharibəsində ideal vasitəçilərin Türkiyə və ya BMT olduğunu söyləyib:
“Türkiyə bu prosesdə olduqca yaxşı iş görür. Hər iki tərəflə də yaxşı əlaqələri var, amma təbii ki, ən yaxşısı BMT-nin vasitəçilikdə iştirakıdır”.
Siyasətçi Aİ-nin vasitəçi ola bilməyəcəyini vurğulayıb:
“Biz ola bilmərik. Rusiya bizi vasitəçi kimi qəbul etməyəcək, biz də Rusiyanı vasitəçi kimi qəbul etməyəcəyik. Çin də ola bilməz, çünki onlar da rusların tərəfini tuturlar”.