12 May 2022 13:36
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumət əleyhinə etirazların şiddətləndiyi Şri-Lankada keçmiş baş nazir Mahinda Rajapaksanın təhlükəsizlik məqsədilə Trinkomali adasındakı dəniz bazasına aparıldığı bildirilib.

Teleqraf.com xəbər verir ki, etirazçılar Mahinda Rajapaksa və ailəsinin təhlükəsizlik səbəbi ilə bazada qalması xəbərini aldıqdan sonra bazanın qarşısına toplaşıblar.

Nümayişçilər Rajapaksa ailəsinə və digər siyasətçilərə məxsus əmlaka, həmçinin avtobuslara ziyan vurublar. Keçmiş baş nazir Rajapaksanın oğluna məxsus kurort da, paytaxt Kolombo və ətrafındakı mağazalar da yandırılıb.

Paytaxt Kolomboda küçələrə zirehli texnika və hərbçilər çıxarılıb.

Tarixinin ən böyük iqtisadi böhranı ilə üzləşən Şri-Lankada günlük elektrik enerjisinin verilməsində 13 saat fasilənin yaranmasından sonra – martın sonunda etiraz aksiyaları başlayıb. Mayın 9-da baş nazirin ofisi ətrafına toplaşan nümayişçilərlə hökumət tərəfdarları arasında toqquşma olub, Kolombodakı hərbi qüvvələr küçə və meydanlara çıxarılıb.

Müxalifətin artan təzyiqindən sonra baş nazir Mahinda Rajapaksa istefa verib.

Etirazların şiddətlənməsindən sonra ölkədə komendant saatı elan olunub və hökumət etirazlar zamanı ictimai əmlaka və ya başqalarına zərər vuran hər kəsə atəş açmağı əmr edib.

Ölkəyə yayılan etirazlarda hakim partiyanın millət vəkili və 2 polis əməkdaşı da daxil olmaqla 8 nəfər həyatını itirib, 250-yə yaxın adam yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər