Kremlin sözçüsü Dmitri Peskov Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qərarına reaksiya verib.
Teleqraf.com xəbər verir ki, o, qonşu ölkənin alyansa qəbulunun Rusiyanın təhlükəsizliyinə təhdid yaradacağını iddia edib.
“Finlandiyanın NATO-ya daxil olması Rusiya üçün təhlükədir. NATO-nun genişlənməsi Avropanı daha təhlükəsiz yerə çevirmir”, - Peskov qeyd edib.
Kremlin sözçüsü əlavə edib ki, Rusiya vəziyyəti təhlil edəcək və təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcək.
NATO Baş katibi Yens Stoltenberqdən isə rəsmi Helsinkinin qərarına dəstək gəlib.
“Finlandiya üzvlük üçün müraciət etsə, bu, NATO-da müsbət qarşılanacaq, üzvlük prosesi problemsiz və sürətli olacaq”, - Stoltenberq deyib.
Finlandiya Prezidenti Sauli Niinistö və Baş nazir Sanna Marin bundan əvvəl birgə bəyanat verərək bildiriblər ki, ölkələri gecikmədən NATO-ya üzvlük üçün müraciət etməlidirlər:
“NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. Gecikmədən NATO-ya üzvlük üçün müraciət etməliyik. Ümid edirik ki, bu qərarın qəbulu üçün lazım olan addımlar yaxın bir neçə gün ərzində sürətlə atılacaq”.
Finlandiyada hökuməti və parlamentinin yaxın vaxtlarda NATO-ya müraciət qərarını təsdiqləyəcəyi gözlənilir.
Eynilə, İsveçin də Finlandiya kimi NATO-ya daxil olmaq üçün daxili bürokratik prosesi sürətləndirməsi və yayda alyansa üzv olmaq üçün müraciət etməsi gözlənilir.