“Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı işğalçı müharibəyə başlaması bəhanələrindən biri də, guya Ukraynanın NATO-ya üzvlüyə qəbulu perspektiviylə bağlı idi. Halbuki alyansın Fransa və Almaniya kimi üzvləri Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünün əleyhinə olduqlarını gizlətmirdilər. İndinin özündə də Kiyevə açıq deyirlər ki, Ukrayna hətta onilliklər ərzində NATO-ya üzv ola bilməyəcək”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilib.
Məqalədə qeyd edilib ki, buna baxmayaraq, Kreml Rusiya əhalisini NATO ilə qorxutmağa davam edir:
“Kreml sahibi mayın 9-da hərbi paradda çıxışında guya NATO-nun Ukrayna ilə birgə Krıma hücuma hazırlaşdığını dedi. Onun iddiasına görə, Rusiya Ukraynaya hücum etməsəydi, guya NATO yarımadanı ələ keçirmək üçün hərəkətə keçəcəkdi. Bu, NATO haqqında növbəti miflərdən biridir. Nə NATO, nə də Ukrayna rəhbərliyi Krımı hərbi yolla geri qaytarmağı planlaşdırırdı. Bunun mümkün olmayacağını həm Brüssel, həm də Kiyev anlayırdı. Ukrayna Prezidenti Vladimir Zelenskinin gücü sadəcə ötən ilin avqustunda Kiyevdə “Krım platforması”nın konfransının keçirilməsinə çatdı. İndinin özündə də - müharibənin davam etdiyi müddətdə Kiyev Krımdan çox fevralın 24-dən sonra işğal olunan ərazilərin geri qaytarılması haqda düşünür.
Bu arada, uzun onilliklər neytral siyasətə üstünlük verən Finlandiya və İsveç NATO-ya qoşulmaq barədə qərarı verib. Hər iki ölkə Ukraynadakı işğalçı müharibə fonunda NATO-ya üzv qəbul edilsə, bu amilin özü Kremlin regional siyasətinin növbəti məğlubiyyəti olacaq. Çünki Finlandiya və İsveç keçmişdə SSRİ, sonrakı illərdə isə Rusiya ilə münasibətləri gərginləşdirməmək üçün NATO-ya üzv olmurdu.
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi yeni reallıq yaradıb. Rusiya ilə əməkdaşlıqdan uzaqlaşmaq və bu dövlətdən özünü qorumaq istəyənlərin sayı artıb. NATO Finlandiya və İsveçi üzvlüyə qəbul etməyə hazırdır. Ancaq qəbul müəyyən prosedurların həyata keçirilməsini tələb etdiyindən Böyük Britaniya İsveç və Finlandiya ilə ikitərəfli hərbi əməkdaşlıq sazişi imzalayıb. London bunu ona görə etdi ki, Finlandiya və İsveç NATO-ya üzv olana qədər Rusiyanın hədələrindən qoruna bilsin və Moskvada anlasınlar ki, bu iki ölkəyə qarşı hansısa təxribat planlaşdırılsa, qarşılarında Böyük Britaniyanı görəcəklər”.
Məqalədə NATO-nun Avropa ilə kifayətlənmədiyi, alyansın Asiya dövləti Cənubi Koreya ilə də əməkdaşlığı genişləndirdiyi bildirilib:
“Cənubi Koreya bayrağı ilk dəfə olaraq. NATO-nun Estoniyanın paytaxtı Talinndəki Kibermüdafiə Mərkəzində qaldırılıb. NATO-nun Kooperativ Kibermüdafiə Mükəmməllik Mərkəzi üzv dövlətlərdən olan mütəxəssisləri kiberhücumların qarşısını almaq və bu sahədə birlikdə işləmək üçün öyrədir. Bu baxımdan əməkdaşlığa cəlb edilən Cənubi Koreya NATO üzvü olmayan beşinci ölkədir.
Cənubi Koreya Milli Kəşfiyyat Xidməti 2019-cu ildən müxtəlif təhlükələrə hazırlıqlı olmaq üçün öz imkanlarını və gücünü artırmağa başlayıb. Şimali Koreyanın artan raket sınaqları və Çinin bölgədəki hərbi fəallığı Cənubi Koreyaya həm müttəfiqi ABŞ, həm də NATO ilə əməkdaşlığı genişləndirməyi diktə edir. ABŞ Prezidenti Co Baydenin 20-22 may tarixlərində Seula səfəri zamanı da, bölgənin təhlükəsizlik məsələləri müzakirə olunacaq. Səfər zamanı ABŞ-Cənubi Koreya-Yaponiya ittifaqının elan ediləcəyi də gözlənilir”.