Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı iddia Ukrayna müharibəsi başlamazdan xeyli əvvəl gündəmə gəlib. Amma savaşın ortasında olduğumuz son iki ayyarım ərzində bir neçə dəfə kamera qarşısına keçmək məcburiyyətində qalan Rusiya lideri davranışı və fiziki vəziyyəti ilə bağlı növbəti dəfə xəstəlik söz-söhbətlərinin mərkəzində yer alıb.
Teleqraf.com xəbər verir ki, “New Lines” tərəfindən əldə edilən və yayımlanan səsyazılarında bu suala cavab verilir.
Anonim mənbədən “New Lines”-a göndərildiyi deyilən səs yazısında söhbət edən iki rus oliqarxdan birinin Putinin qan xərçəngi olduğunu dediyi eşidilib.
Oliqarxın iddiasına görə, Rusiya liderinin COVID-19-la bağlı gördüyü tədbirlər və onunla görüşənləri uzun masa arxasında qəbul etməsi keçirdiyi əməliyyatdan və müalicə prosesində olmasından irəli gəlir.
Səsyazısında Kremllə yaxın əlaqələri olan və kimliyini qorumaq üçün “Yuri” adlandırılan oliqarx iddia edib ki, Putinin səhhətindəki problemlər qan xərçəngi ilə bağlıdır.