20 May 2022 17:23
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Arsen Pavlovun (“Motorola”) ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, müvafiq sərəncam hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

“Həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsi vəzifələrinin icrası zamanı göstərdiyi igidlik, cəsarət və fədakarlığa görə Arsen Sergeyeviç Pavlov “İgidliyə görə” ordeni ilə təltif edilsin (ölümündən sonra)”, - deyə sənəddə bildirilir.

Qeyd edək ki, “Motorola” ləqəbli Arsen (Arseni) Pavlov qondarma “Donetsk Xalq Respublikası”nın “Sparta” adlı tank əleyhinə xüsusi təyinatlı dəstəsinin komandiri olub. O, 2016-cı il oktyabrın 16-da axşam saat 18 radələrində yaşadığı Donetsk şəhərinin Çelyuskintsev küçəsindəki 121 saylı evin liftində lift kabelinə bərkidilmiş əldəqayırma partlayıcı qurğu işə düşməsi nəticəsində ölüb. Qondarma “DXR” hakimiyyəti “Motorola”nın ölümündə Ukrayna xüsusi xidmət orqanlarını günahlandırıb. Ukrayna tərəfi isə bu ölümlə heç bir əlaqəsinin olmadığını bildirib.

Onun ölümü münasibətilə qondarma “DXR” hakimiyyət orqanları üç günlük matəm elan ediblər.


Müəllif: Səxavət