Rusiyanın BMT missiyasının rəhbərinin müşaviri Boris Bondaryev ölkəsinin Ukraynaya qarşı müharibəsini açıq şəkildə pisləyərək istefa verib.
Teleqraf.com xəbər verir ki, diplomat Rusiya Xarici işlər naziri Sergey Lavrovu da tənqid edib.
Bondaryev qeyd edib ki, müraciəti gecikmiş ola bilər, amma bu, şəxsən onun üçün çox vacib idi:
“İyirmi illik fəaliyyət dönəmində xarici siyasətimizdə müxtəlif dönüşlərin şahidi olmuşam, amma ölkəmdən və işimdən heç vaxt fevralın 24-də olduğu qədər utanmamışam”.
Diplomat Rusiya Prezidenti Vladimir Putini “təcavüzkar” adlandırıb.
Onun sözlərinə görə, bu müharibənin təşəbbüskarları yalnız bir şey istəyirlər - əbədi olaraq hakimiyyətdə qalmaq, dəbdəbəli saraylarda yaşamaq, dəbdəbəli yaxtalarda üzmək, etdiklərinə görə cəzasız qalmaq.
Bondaryev “qeyri-peşəkar” adlandırdığı Rusiya Xarici İşlər Nazirliyinin işini də tənqid edib:
“Nazir Lavrov bu sistemin deqradasiyasının gözəl nümunəsidir. O, 18 il ərzində peşəkar və savadlı ziyalıdan həmişə ziddiyyətli bəyanatlar verən və dünyanı, o cümlədən Rusiyanı təhdid edən insana çevrilib. XİN bu gün diplomatiya ilə məşğul olmur - yalan və nifrət səpir, müharibəni alovlandırır. Diplomatiya Rusiya cəmiyyətinin real ehtiyacları ilə heç bir əlaqəsi olmayan dar bir dairənin şəxsi maraqlarına xidmət edir”.
O qeyd edib ki, Rusiyanın aqressiv siyasətinə görə artıq heç bir müttəfiqi yoxdur.