“Donbas uğrunda döyüş Rusiyanın sonuncu böyük hücumu ola bilər. Rusiya qoşunlarının etibarlı texnika təchizatı, üstəlik yetərli əsgər gücü yoxdur”.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Nəşr Ukraynadakı müharibənin hazırkı mərhələsinə dair xəritə və rəqəmləri dərc edib. Məqalədə Kremlin planlarında dəyişikliklərdən bəhs edilir. Xəritələrdə Ukrayna və Rusiya qoşunlarının cəbhə xəttindəki mövqeləri və nailiyyətləri göstərilir.
Kiyevi ələ keçirmək üçün uğursuz cəhddən sonra belə, işğalçılar hələ də qüvvələrini birdən çox yerə səpələyirlər.
Bundan əlavə, Rusiya qoşunlarının Ukraynada etibarlı döyüşçü və texnika təchizatı yoxdur. Ruslar nə qədər irəliləsələr, onların təchizat xətləri bir o qədər uzanır və Ukraynanın əks-hücumları bir o qədər çox olur.
Nəşr qeyd edib ki, ruslar yaxın vaxtlarda əhəmiyyətli uğurlar əldə etməsələr, müharibə dayana bilər və Donbas uğrunda döyüş onların sonuncu böyük hücumu olacaq.