Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfər çərçivəsində dünən İsrailə gedib. Bu, son 15 ildə bu səviyyədə ilk səfərdir.
Teleqraf.com xəbər verir ki, Çavuşoğlu səfəri çərçivəsində israilli həmkarı Yair Lapidlə görüşüb.
Görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Lapidin açıqlamasında diqqətçəkən məqamlar:
- Bir türk nazirin 15 ildən sonra ilk səfərindən sonra gördük ki, təkcə siyasi deyil, həm də iqtisadi inkişaf var. Məqsədimiz ölkələrimizin qarşılıqlı üstünlüklərindən birlikdə faydalanmaqdır.
- Əməkdaşlığımız pandemiya dönəmində də davam edib. Bunu alqışlayırıq. Cənab nazir, diplomatiyadan kənar olsa da deməliyəm ki, israillilər Türkiyəni çox sevirlər. Çox sayda təyyarə Türkiyəyə uçur. İnsanlar ölkənizi sevirlər. Bu gün münasibətlərimiz üçün yeni çərçivə yaratdıq. Bundan gələcəkdə övladlarımız da faydalanacaqlar.
Çavuşoğlunun açıqlamalarında önəmli məqamlar:
- Dəvət üçün çox sağ olun, cənab nazir. Cənab nazirlə ilə çox səmimi görüşümüz oldu. Bu münasibətə görə ona təşəkkür edirəm. Fərqliliklərə baxmayaraq, dialoq davam etməlidir. Bu, təkcə bizim üçün deyil, həm də regionda sülh üçün vacibdir. Görüşümüzdə regional sülhdən də danışdıq.
- İsraillə müsbət gündəm üzərində işləmək münaqişələri konstruktiv şəkildə həll etməyə də kömək edə bilər.
- İsraillə bir çox sahələrdə əlaqələrimizə yeni enerji gətirmək və bundan sonra fərqli mexanizmlər qurmaq barədə razılığa gəldik.
- Cənab nazirin dediyi kimi, bir çox sahələrdə əlaqələrimizi yenidən canlandırmaq və mülki aviasiya ilə bağlı danışıqlara yenidən başlamaq qərarına gəldik. Türkiyə və İsrail ən çox qarşılıqlı ticarət edən 10 ölkə sırasındadır. Ötən il ticarət dövriyyəmiz 8 milyard dolları ötüb. Builki həcm də çox ümidvericidir. Ticarətin həcmini və iqtisadi əməkdaşlığı artırmaqda qərarlıyıq.
- Qüdslə bağlı həssaslığımızı bölüşdüm. İki dövlətli həll davamlı sülhün yeganə yoludur.
Çavuşoğlu Lapidi Türkiyəyə dəvət edib:
“Açıq və səmimi danışıqlar aparmaq və əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün Türkiyəyə səfərinizi səbirsizliklə gözləyirəm”.
Yair Lapidin Çavuşoğluna cavabı zarafatyana olub: “Dönər, kabab olacaqsa, gələrəm”.