Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İsrail və Fələstinə səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb və gündəmi dəyərləndirib.
Teleqraf.com xəbər verir ki, Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesindən də danışıb.
“Əgər ən qısa vaxtda üzv olmaq istəyirlərsə, gözləntilərimizi qarşılamalıdırlar, bunları maddə-maddə onlara təqdim etmişik”, - nazir bildirib.
Şərqi Aralıq dənizindəki durumla bağlı sualı cavablandıran Çavuşoğlu sözügedən su hövzəsində ədalətli bölüşdürülmənin tərəfdarı olduqlarını deyib: “Heç kim bizi kənara itələməsin. Biz də kimsənin haqqında gözümüzün olmadığını demişik. Texniki məsələləri nazirlər müzakirə edəcəklər”.
Aralıq dənizi qazının Avropaya nəqli məsələsinə də toxunan Çavuşoğlu qeyd edib ki, bunun üçün Türkiyənin yeganə iqtisadi marşrut olduğu hər kəsin diqqətinə çatdırılıb.
İsraillə qarşılıqlı səfir təyin edilib-edilməyəcəyinə də münasibət bildirən Çavuşoğlu İsrail Xarici İşlər naziri Yair Lapidin Türkiyəyə gələcəyini və həmin vaxt bu məsələnin müzakirə olunacağını söyləyib.
Çavuşoğlu Yunanıstanın adaları silahlandırmasına da reaksiya verib:
“Blef etmirik, əgər Afina anlaşmalara əməl etməsə, məsələni daha da irəli aparacağıq. ABŞ-ın balans siyasətində yayınma görmüşük, xəbərdarlıq etmişik”.
Terrorizmlə mübarizəyə toxunan nazir deyib: “Terrorçuların hücumunu gözləyə bilmərik, lazım olanı etməliyik”.
Çavuşoğlu ABŞ-ın razılaşmaya əməl etmədiyini vurğulayıb: “30 kilometri terrordan təmizləmə vədinə əməl etmədin, onda təmizlə”.