27 May 2022 14:08
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrikada təxminən 1,8 milyon insan Ukrayna böhranının yaratdığı iqtisadi problemlərə görə həddindən artıq yoxsul vəziyyətə düşə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Afrika İnkişaf Bankının (AİB) “2022-ci ildə Afrikanın iqtisadi perspektivləri” adlı hesabatında deyilir.

AİB-in illik assambleyasının keçirildiyi Qananın paytaxtı Akkrada iclas “Afrika üçün iqlimin davamlılığını və ədalətli enerji keçidini təşviq etmək” mövzusunda təqdim edilib.

Sənəddə deyilir: “Koronavirus pandemiyası və Rusiya-Ukrayna münaqişəsi Afrikada qalıcı iz buraxmaq təhlükəsi yaradır. Afrikada 2021-ci ildə təxminən 30 milyon insan həddindən artıq yoxsulluq içində idi. Həmin il qitədəki pandemiya səbəbindən 22 milyon iş yeri itirildi. AİB-in hesabat müəlliflərinin fikrincə, bu sahədə mənfi tendensiya 2022-ci ilin ikinci yarısında, həmçinin 2023-cü ildə də davam edəcək.

Bundan əlavə, 2022-ci ildə Afrika qitəsində daha 1,8 milyon insan Rusiya və Ukrayna arasında münaqişə nəticəsində yaranan iqtisadi problemlər üzündən ifrat yoxsulluğa qərq ola bilər. 2023-cü ildə bu rəqəm daha 2,1 milyon arta bilər. Rusiya və Ukrayna Afrika qitəsinin əsas taxıl tədarükçüsüdür.

Rusiya-Ukrayna münaqişəsinin səbəb olduğu pandemiya və inflyasiya təzyiqlərinin davam etməsi səbəbindən Afrikada iqtisadi artım 2022-ci ildə 4,1%-ə qədər azala və 2023-cü ildə eyni səviyyədə qala bilər”.

AİB əmindir ki, ərzaq və enerji qiymətlərinin artmasının təsirlərini yumşaltmaq üçün Afrikanın təcili olaraq anti-böhran siyasətinə, o cümlədən subsidiyalara ehtiyacı var.


Müəllif: Nemət