Rusiya Barents dənizində “Zirkon” raketinin sınaq atışını həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hipersəsli qanadlı raketin “Qorşkov” freqatından atıldığı, Barentsdən Ağ dənizdəki hədəfi vurduğu bildirilib.
Məlumata görə, raket atışları yeni silahların sınaqları çərçivəsində həyata keçirilib.
Rusiya “Zirkon”un təxminən 1000 kilometr məsafədəki dəniz hədəfini uğurla vurduğunu iddia edib.
Təlimin bölgə ölkələri - Finlandiya və İsveçin NATO-ya üzvlük üçün rəsmi müraciət etməsindən sonra keçirilməsi diqqət çəkib. Hər iki ölkə uzun illərdir neytral statusda idi, amma Rusiyanın Ukraynaya hücumundan sonra mövqelərini kəskin dəyişiblər.
Moskva bu prosesin qarşısını almağa çalışır, çünki Finlandiyanın üzvlüyündən sonra NATO qoşunları Rusiya sərhədləri yaxınlığında yerləşdiriləcək. Rusiyanın yüksək səviyyəli rəsmiləri dəfələrlə bu ölkələri hərbi eskalasiya ilə hədələyiblər.