Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev əmindir ki, dövlət başçısı Kasım-Jomart Tokayevin qətiyyətli addımları yanvar hadisələrinin ən pis ssenarisinin qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, N.Nazarbayev bunu tanınmış qazax politoloqu Daniyar Aşımbayevə müsahibəsində deyib.
“Həmin an mənim üçün prezidentimizə hərtərəfli dəstək vermək, müxtəlif söz-söhbətlərə və spekulyasiyalara reaksiya verməmək vacib idi. Mən ona ölkənin Təhlükəsizlik Şurası sədrinin səlahiyyətlərini verdim. Məhz prezidentin qətiyyətli addımları ən pis ssenarinin qarşısını aldı”, - deyə Nazarbayev bildirib.
Nazarbayevin fikrincə, yanvar hadisələri bütün Qazaxıstanı şoka salıb: “Əvvəldə qeyd etdiyim kimi, Qazaxıstana qarşı təşkil edilən bu mütəşəkkil iğtişaşların və hücumların məqsədi ölkədə xaos toxumu səpmək və dövlətin bütövlüyünü məhv etmək idi. Baş verən faciə hamımız üçün dərs oldu”.
Birinci prezident bütün bu talanların və qətllərin təşkilinin arxasında kimin dayandığını aşkar etməyi vacib sayır. O, istintaqın bu suala cavab verəcəyinə əmin olduğunu bildirib: “Müvafiq hüquq-mühafizə orqanlarının bütün ölkədə hazırlanan iğtişaşlardan niyə xəbərsiz olduğunu və ya xəbərdar olmaq istəmədiyini aydınlaşdırmaq lazımdır”.