Avropa liderləri Avropa İttifaqının müdafiə sənayesini inkişafı üçün daha çox sərmayə qoymağa razılaşıblar.
Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Brüsseldə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
"Biz daha çox, daha yaxşı, səmərəli və birlikdə sərmayə qoymağımız barədə razılığa gəldik", o deyib.
Sammitin yekun bəyanatında isə bildirilib ki, Avropa İttifaqı Şurası müdafiə məqsədlərinin reallaşdırılması ilə bağlı bir sıra mühüm tapşırıqlar alıb. “Təcili olaraq, çox qısamüddətli müdafiə satınalmalarının koordinasiyası üzrə tədbirlər görülməlidir. Xüsusilə, Ukraynaya göstərilən dəstək fonunda, tədarük üçün birgə satınalmalara, eləcə də könüllü olaraq Avropanın müdafiə-sənaye imkanlarını artırmaq üçün qısamüddətli alətlərə dəstək verilməlidir”, - bəyanatda deyilir.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə bildirib ki, liderlər Ukraynaya göndərilən silah ehtiyatlarının artırılması üzrə addımları əlaqələndirəcək birgə silah alışı üzrə İşçi Qrupun yaradılması barədə razılığa gəliblər.