İran Xarici İşlər naziri Cavad Zərif İran və "5+1" ölkələri arasında aparılan və daha 7 ay uzadılan nüvə müzakirəsi ilə bağlı razılaşdırılmayan məsələləri açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, Zərif nüvə müzakirələri ilə bağlı 6 maddənin razılaşdırılmadığını, bunların içərsində sanksiyaların da olduğunu bildirib.
Müzakirələrlə bağlı İranın Ali dini lideri Ayətullah Xamneyiyə göstərdiyi dəstəyə görə təşəkkür edən Zərif sentrifuqa sayı, ağır su reaktorlarının durumu, nüvə əməkdaşlığı, sanksiyalar və İranın kapital bazarına qoşulması tarixinin müəyyən edilməsi ilə bağlı razılığın əldə edilmədiyini vurğulayıb.
Son müzakirələrdə danışıqların bir həftə davam etdiyini xatırladan Zərif hər gün orta hesabla 7 saat iclas keçirildiyini qeyd edib:
"Müzakirələrdə Rusiya ilə 4, Almaniya, Böyük Britaniya və Fransa ilə 2, Çin, Avstriya və Almaniya ilə bir iclas keçirilib. Təxminən 80 saatda 39 görüş baş tutdu. Bu müddətin 10 saatı mütəxəssislərin görüşləri idi. Tərəflər arasında 18 noyabrda başlayan və 7 gün müddətində davam edən danışıqların 7 ay uzadılması qərara alındı.
Bu müddətin ilk 4 ayında siyasi razılaşma və ya ümumi anlaşmaya nail olmaq üçün səy göstəriləcək. Bu bəlkə də daha tez ola bilər, son 3 ay da isə müqavilənin texniki və hüquqi detalları yazılacaq". (axar.az)