22 İyun 2022 18:14
59 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Almaniya lazım olduğu müddətcə Ukraynaya silah dəstəyi verməyə davam edəcək. Litva və digər şərq müttəfiqlərinin yanında olacaq. Avropa və Qərb demokratiyaları Ukraynaya hücumu qəbul etmir. Biz ehtiyac yarandıqca Ukraynaya silah göndərməyə davam edəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolz deyib.

Şolz bildirib ki, Ukraynaya hücum səbəbiylə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar artıq həyata keçirilir və Almaniya iqtisadiyyatına da zərər verir:

“Bəli, bu sanksiyalar özümüzə də ziyan vurur. Bu, şirkətlərimizə zərər verir, lakin onun həyata keçirilməsi vacibdir. Müttəfiqlərlə həmrəyliyin qiyməti var və biz bu qiyməti ödəməyə hazırıq”.

Digər tərəfdən Almaniyanın göndərdiyi haubitsalar Ukraynaya çatıb. Ukraynanın müdafiə naziri Oleksii Reznikov deyib ki, Almaniyanın vəd etdiyi ilk ağır silahlar Ukraynaya çatıb. Söhbət “Panzerhaubitze 2000” tipli özüyeriyən haubitsalardan gedir.

Alman ordusunun inventarındakı ən güclü artilleriya silahları arasında yer alan “Panzerhaubitze 2000” 40 kilometr məsafədəki hədəfləri vura bilir. May ayında Almaniya Hollandiyanın vəd etdiyi 5 belə artilleriya sistemindən əlavə, Ukraynaya 7 özüyeriyən haubitsa verəcəyini vəd etmişdi.

Ukrayna Prezident Aparatının rəhbəri A.Yermak qeyd edib ki, Almaniyanın göndərdiyi silah paketinə “Gepard” tipli özüyeriyən zenit silahı, “MARS II” tipli reaktiv yaylım atəşi sistemi və “500 MANPADS” hava hücumundan müdafiə sistemləri daxildir.


Müəllif: Nemət