23 İyun 2022 13:09
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Rusiya arasında müharibədən sonra Avropada enerji böhranı genişlənməyə davam etdiyi vaxtda məsələ ilə əlaqədar son açıqlama Çexiyadan gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Çexiyanın enerji təhlükəsizliyi naziri Vatslav Bartuska danışıb.

“1973-cü ildəki neft şokunu yenidən yaşayırıq. Əgər bu qış qaz tədarükü dayansa, insanlarımızı isitmək və elektrik enerjisi ilə təmin etmək üçün hər şeyi yandıracağıq”, - nazir bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri maye qaz (LNG) tədarükçüləri ilə uzunmüddətli müqavilələr bağlayacağı halda, istilik mövsümünə qədər Avropa Birliyinə qazın verilməsi mümkündür.

Avropa Komissiyası əvvəllər bu anlaşmanı imzalamaqdan çəkinirdi, amma Bartuska indi vəziyyətin dəyişdiyini deyib.

“Bir il, yarım il və ya dörd ay əvvəl rəhbərlikdən bunu eşitməzdiniz. Anlaşma budur ki, üzv dövlətlər salamat qalmalıdır, hökumətlər ölkələrini qışdan çıxarmalıdır”, - nazir qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu