25 İyun 2022 01:15
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kəşfiyyatı Rusiya ilə bağlı yeni iddiası ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, ABŞ kəşfiyyatı Rusiyanın Qara dənizdəki limanlara minaların yerləşdirilməsinə göstəriş verdiyini iddia edib.

Digər yandan, Kremlin tapşırığı ilə Ukraynanın taxıl ixracının blokadası çərçivəsində artıq Dnepr çayına minaların yerləşdirildiyi də bildirilib.

Kəşfiyyat iddia edir ki, bu addım Rusiyanın taxıl ixracını blokadada saxlamaq planının bir hissəsidir və bu, qlobal qıtlığa səbəb ola bilər.

ABŞ həmçinin bu ayın əvvəlində Ukraynanın ikinci ən böyük taxıl terminalı Nikolayevə Rusiyanın raket zərbələri nəticəsində dəyən zərəri göstərən peyk şəkillərini yayımlayıb. İddiaya görə, bunun nəticəsində taxıl ixracının azaldılması qlobal qıtlığa səbəb ola bilər. İki gün əvvəl Nikolayevdə günəbaxan yağının saxlanıldığı anbarlara da hücum edilib.

Rusiya Qara dəniz limanlarının minalanması iddiasını rədd edib və bildirib ki, limanları ukraynalıların özləri minalayırlar. ABŞ kəşfiyyatınin fikrincə isə bu, hələ də Ukraynanın nəzarətində olan sahil xəttini kəsmək üçün Rusiyanın strategiyasıdır.

“ABŞ Rusiyanın Qara dəniz donanmasının Ukraynanın Odessa və Oçakiv limanlarını effektli şəkildə blokadaya alması üçün hələ də əmr gözləyir. Rusiyanın Qara dənizin şimal-qərbini minalamadığı iddiasına baxmayaraq, təsdiq edə bilərik ki, ruslar həqiqətən də Oçakov yaxınlığındakı limanlara minalar yerləşdiriblər. Rusiya qüvvələrinin əvvəllər Dnepr çayında minalardan istifadə etdiyinə dair sübutlarımız da var”, - kəşfiyyatdan bildirilib.

Eyni zamanda, peyk görüntülərindən məlum olub ki, Rusiyanın Ukraynaya müdaxiləsi Nikolayevdəki taxıl siloslarından üçünün, həmçinin gəmilərə taxıl yükləyən konveyer sisteminin tam məhv edilməsi ilə nəticələnib. Bu o deməkdir ki, Rusiyanın hücumu nəticəsində taxıl terminalının ixrac gücü ən azı üçdə bir azalıb.


Müəllif: Mənsur Rəğbətoğlu