Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (ÜDİK) 5-ci iclası çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ÜDİK toplantısı üçün bu gün Ankaraya gələn Rusiya prezidenti Vladimir Putini müşayiət edən Lavrov Çavuşoğlu ilə həm toplantıya dair son hazırlıqları gözdən keçirib, həm də növbəti səfər proqramını müzakirə edib.
Rusiya-Türkiyə arasında ikitərəfli iqtisadi və ticarət əlaqələr, eləcə də turizm məsələlərinin gündəmə gəldiyi görüşdə 2015-ci ildə Antalyada keçiriləcək “Böyük İyirmilik” liderlərinin zirvə toplantısı üçün Putinin Türkiyəyə gəlməsi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının katibliyinin təhvili, həmçinin Suriya, İraq, Ukrayna və Kipr problemi kimi regional məsələlər də müzakirə obyekti olub.
Ukraynadakı Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Xüsusi Müşahidə Missiyasının işinin faydasından bəhs edilən görüşdə Türkiyə tərəfi Krımı ilhaqını tanımayacağını Rusiya rəsmilərinin diqqətinə çatdırıb.
Samir