30 İyun 10:10
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Madriddə keçirilən sammitinin nəticələri və alyansın gələcəkdə iki ölkə hesabına genişlənməsi göstərdi ki, Putin verdiyi bəyanatların əksinə olaraq, istəyinə nail ola bilməyib.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı publisist və sosioloq İqor Eydman deyib.

“Putin elə bilirdi ki, Ukraynanı tez ələ keçirəcək, hamı “Böyük Rusiya”dan qorxacaq, NATO qorxusundan biabırçı şəkildə dağılacaq. Amma bunun əksinə, Kreml lideri qarşısında daha güclü NATO görəcək”, - ekspert bildirib.

Onun fikrincə, İsveç və Finlandiyanın NATO-ya qoşulması alyansın Baltikyanı regionda tam hökmranlığını bərqərar edəcək.

Eydman NATO-ya qoşulmağa hazırlaşan İsveçin güclü ordusunun olduğunu, hətta bu baxımdan son illərdə müdafiəsinə az diqqət yetirən Almaniyadan da öndə olduğunu bildirib:

“Yəni, Putin NATO-nu zəiflətmək, parçalamaq, dağıtmaq əvəzinə Ukraynadakı kriminal avantürası nəticəsində bu ittifaqı köklü şəkildə gücləndirib. İndi Kremlin iki yolu var. Birincisi odur ki, Rusiya bir müddət Ukrayna ilə “isti”, NATO ilə isə “soyuq” müharibəni davam etirir. Bu halda uduzacaq və Putin rejimi devriləcək. İkinci variant isə Rusiya liderinin nüvə müharibəsinə başlamasıdır. Bu halda da uduzub devriləcək, amma bundan əvvəl qlobal fəlakət gələcək”.

Eydmana görə, hər iki variant Putin üçün son və çöküş deməkdir:

“Ən pis ssenari, yəni nüvə müharibəsi baş verərsə, onlarla, hətta yüz milyonlarla insan Rusiya rejiminin qurbanı olacaq. Bu variantı istisna edə bilmərəm. Belə bir şeyin baş vermə ehtimalı 50 faizdən azdır, amma mümkündür”.


Müəllif: Mənsur Rəğbətoğlu