30 İyun 2022 11:28
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyaya “yaşıl işıq” yandıran Türkiyənin veto kartı hələ də əlindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzetində dərc olunan məqalədə bildirilib.

Nəşr Türkiyənin anlaşmanın yerinə yetirilib-yetirilmədiyini diqqətdə saxlayacağını yazıb:

“Ankara imzalanmış 10 bəndlik memorandumunun hər bir maddəsinin tətbiqini yaxından izləyəcək. Verilən vədlərə əməl edilib-edilmədiyinə baxacaq. Terror təşkilatı üzvlərinin bu ölkələrdə fəaliyyətlərini davam etdirib-etmədiklərinə nəzarət edəcək. Ekstradisiya tələblərinin yerinə yetirilib-yetirilməməsini və İsveçin PKK/YPG-yə silah göndərib-göndərmədiyini diqqətdə saxlayacaq. Həmçinin İsveç və Finlandiyanın FETÖ terror təşkilatı ilə bağlı konkret addımlar atıb-atmadığını yoxlayacaq.

İsveç və Finlandiya razılaşmaya sadiq qalmasa, veto kartından istifadə olunacaq. Vədlər yerinə yetirilməsə, Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı qanun layihəsini imzalamaya bilər. Memorandum çərçivəsində atılan addımlar yetərli hesab edilir və qanun layihəsi imzalansa belə, növbəti mərhələdə bu qanun layihəsi təsdiq olunmaq üçün parlamentə (TBMM) təqdim edilməlidir. Türkiyə bu mərhələdə İsveç və Finlandiyanın davranışlarını nəzərdən keçirərək, atılan addımları kafi hesab etməsə, qanun layihəsini parlamentə təqdim etməyə bilər. Üçüncü və son mərhələdə, akt parlamentə təqdim edilsə belə, vədlərin yerinə yetirilib-yetirilmədiyi yenidən qiymətləndirilərək üzvlük sənədi gecikdirilə və ya rədd edilə bilər”.

Finlandiya və İsveçin NATO-ya üzvlük prosesi rəsmən başlayıb. Tam üzvlük müddəti 6 aydan 5 ilə qədərdir. Rusiya təhlükəsi altında olan İsveç və Finlandiyanın üzvlüyünün daha qısa vaxt apara biləcəyi deyilir. Finlandiya Baş naziri Sanna Marin prosesin bir il çəkəcəyini açıqlayıb. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Mahir Ünal isə prosesin 1.5 il çəkə biləcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu