1 İyul 2022 11:47
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə üçün həm böyük qazanc, həm də böyük risk daşıyan NATO yeni strateji konsepsiyasında Rusiyanı “əsas təhlükə” elan edib. Beləliklə, 2010-cu ildən bəri dəyişdirilməyən NATO-nun strategiyasında Çinin də bağlı olduğu “Şərq bloku” və ya “Avrasiya paktı” ilə mübarizə əsas prioritet kimi yer alıb.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli jurnalist Həsən Öztürk deyib.

Onun fikrincə, əslində, bununla Rusiyaya “soyuq müharibə”dən əvvəlki kimi fürsət verilir:

“Sanki deyirlər ki, təsir dairəsində qalanları özünlə apar və ikiqütblü dünyanı yenidən bu qarışıqlıq üzərində quraq.

Baltikdən Egeyə çəkilən yeni xətt və ya “virtual divar” indi dünyanın yeni çəki mərkəzidir. Bu xəttin sol və sağında olduğu kimi, dünya ikiqütblülük üzərində yenidən qurulur. Çoxqütblülük artıq NATO və Amerika tərəfindən qəbul edilmir. Ancaq xətdən kənarda qalan və ən azı müasir dünya tarixinin yazılmasına səbəb olan coğrafiyalara isə xəbərdarlıq olunur. Balkandakı gərginliyin əsas səbəbi də budur.

NATO-nun yeni strategiyasında Rusiya təhlükə hesab edilir. Baydenin ABŞ-da hakimiyyətə gəldiyi gündən bəri üzərində işlədiyi yeni konsepsiyanın Rusiya ilə qarşı-qarşıya qaldığı coğrafiyalarda da ciddi şəkildə tətbiq olunduğu aşkar görünür. Daha açıq desək, Rusiya Ukraynanın işğalına NATO, ABŞ və İngiltərənin “gəl-gəl”i ilə başladı. Ukrayna xalqı qurban verildi. Ukraynada daş üstündə daş qalmadı.

NATO yeni konsepsiyasına uyğun olaraq, “soyuq müharibə”dəki virtual divranı Baltikyanı bölgədən başlayaraq Aralıq dənizinə çatdırmağa nail oldu”.

Öztürkə görə, genişlənmə konsepsiyasında NATO-nun Madrid sammiti daha bir həddi keçmək üçün qapı açdı:

“Finlandiya və İsveçin gələcək NATO üzvləri kimi sammitdə iştirakı və Ukrayna lideri Zelenskinin görüşə uzaqdan qatılması yeni dünya düzəninin şimal cəbhəsini göstərdi.

Yeni “soyuq müharibə”nin yeni virtual divarının orta zolağında yerləşən Türkiyə ilə Yunanıstan arasında gərginliyə səbəb olan Egey bölməsi Afina ilə yox, ABŞ-la müzakirə edilir. Yaxın vaxtlarda burada necə dəyişikliyin olduğunun birlikdə şahidi olacağıq.

1 saat 10 dəqiqə davam edən Ərdoğan-Bayden görüşünün Suriya hissəsi Türkiyənin “Bir gecə qəfil gələ bilərik” ifadəsi ilə anlam qazanacaq.

NATO-nun tarixi sammitinin yekun bəyannaməsi və yeni strategiya sənədi dünya nizamının Qərb düşərgəsi baxımından yenidən qurulmasının əlaməti idi. Qarşı tərəfin, yəni Rusiya və Çinin bu yeni strategiyaya cavabı ya qanlı prosesin başlanmasına, ya da bölgüdə yeni balanslara işarə edəcək”.

Jurnalist sammitdə Türkiyə, Finlandiya və İsveç arasında imzalanan anlaşmaya da diqqət çəkib:

“İsveç, Finlandiya və Türkiyə arasında imzalanan memorandumda YPG/PYD/PKK məsələsi də mətnə daxil olunub. Beləliklə, Türkiyə YPG-nin Suriyanın şimalını işğal etdiyi faktını NATO tərəfdaşları və qərbli həmkarlarına qəbul etdirdi.

İkinci məqam isə FETÖ-nün terror təşkilatı olması da eyni mətndə yer alıb. Beləliklə, Türkiyənin tezisləri beynəlxalq miqyasda qəbul olundu. Bundan sonra “müttəfiqlərimiz” həm FETÖ, həm də PKK və onun törəmələri ilə mübarizədə öz üzərlərinə öhdəlik götürdülər”.


Müəllif: Mənsur Rəğbətoğlu