1 İyul 2022 12:58
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya təcavüzündən sonra başlayan qarşılıqlı informasiya müharibəsi davam edir. Hər iki tərəfdən zaman-zaman çox maraqlı iddialar irəli sürülsə də, Rusiyadan gələn son mesaj ən qəribəsidir.

Teleqraf.com xəbər verir ki, tez-tez “Üçüncü Dünya Müharibəsi başladan”, “Londonu vuran”, Avropanı nüvə məhvi ilə hədələyən və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı “Ukraynada müharibə istəyən liderlərdən biri” kimi göstərən “Rossiya 1” telekanalı yeni qəribəliyə imza atıb.

Rusiyanın dövlət televiziyası “Rossiya 1”in aparıcısı Olqa Skabeyeva Ukraynada işğal zamanı 1000 “Bayraktar TB2”ni vurduqlarını iddia edib.

Skabayevanın iddiasının əksinə olaraq, sözügedən dronların istehsalçısı olan Türkiyənin inventarında belə, o qədər “Bayraktar” yoxdur.

Açıq mənbələrdəki məlumata görə, türk ordusunun inventarda 128 “Bayraktar TB2” var. Bunlardan 110-u Türkiyə Silahlı Qüvvələrində, 12-si Jandarmada, 6-sı isə Təhlükəsizlik Baş İdarəsində görünür.

Yenə açıq mənbələrdəki məlumata görə, Türkiyədən Ukraynaya cəmi 15 ədəd “Bayraktar TB2” satılıb. Hətta Ukraynanın baş qərargah rəisi Valeri Zalujnı Silahlı Qüvvələrin inventarında 12 ədəd “Bayraktar” dronunun olduğunu açıqlayıb. Rəsmi məlumata görə, bunlardan yalnız biri işğal zamanı rus ordusu tərəfindən vurulub.


Müəllif: Mənsur Rəğbətoğlu